Hadı Rəcəbli: “Qadın məclislərində nöqsanlar var”

Hadı Rəcəbli: “Qadın məclislərində nöqsanlar var”

"Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu gün din xadimləri ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cəmiyyətin idarə olunmasında dinin rolu və yeri çox böyükdür: "Din haqqında danışanda heç kim biganə qalmamalıdır. Din dövlətdən ayrıdır deyib biz tamam dindən kənarda qalsaq, düz olmaz. Bunun fəsadlarını dünya görür. Buna örnək, Ulu Öndər Heydər Əliyevin o zaman cavan şeyx olan Allahşükür Paşazadə ilə dostluq etməsi olub. Bu gün Prezident İlham Əliyev həmin ənənəni davam etdirir".

Din xadimlərinin vahid geyimi ilə bağlı məsələyə toxunan komitə sədri vurğulayıb ki, vahid geyim formasının olması məsələlərin həlli demək deyil: "Mən də formanın tərəfdarıyam. Bu forma məzmunla da tamamlanmalıdır. Məzmunsuz forma heç kimə lazım deyil. Dünyada bir çox münaqişələr dini və təriqət ayrı-seçkiliyi zəminində yaranır. Bu, dünyanın siyasi texnologiyalarında geniş istifadə olunan metodlardan biridir. Ona görə də bu baxımdan din xadimlərinin maarifləndirilməsi və təkmilləşdirilməsi önəmlidir".

Daha sonra H. Rəcəbli qadın məclislərinin idarə olunmasındakı nöqsanlar barədə də danışıb.

O bildirib ki, qadın məclislərinin idarə edən şəxslərin ciddi təkmilləşdirilməsinə ehtiyac var: "Qadın məclislərini mərsiyəxan kimi qadınlar idarə edirlər. Orada nə qədər nöqsanlar və problemlər var. Hər bir din xadimi öz ərazisində olan qadın mərsiyəxanlarla iş aparmalı, eyni zamanda bu qrup adamlar keçirilən belə seminarlara cəlb edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə