Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 70 yaşı tamam olur. Özünəməxsus xarakteri, idarəetmə üslubu, tükənməz bacarığı, dövlətinə, millətinə sonsuz sevgisi, prinsipiallığı ilə seçilən və örnək olan Hacıbala müəllim 70 illik ömründə keşməkeşli yollardan keçib. Xalqımızın, dövlətçiliyimizin başının üstünü qara buludlar alanda tərəddüd etmədən meydanlara atılıb. 1989-93-cü illərdə ölkədə xaos, özbaşınalıq hökm sürəndə Azərbaycanın gələcəyini düşünüb meydanlara axışanların ön cərgəsində olub. Dəfələrlə ölümlə üzləşib, səriştəsiz hakimiyyət tərəfdarlarının hücumuna məruz qalıb, amma bir addım da geri çəkilməyib, müstəqillik uğrunda sona qədər vuruşub. Bunu 20 illik müstəqillik tariximizdən bəlli olan faktlar, o dövrdə lentə alınmış videogörüntülər, fotoşəkillər də təsdiq edir.
Hər kəs bunu qeyd-şəksiz təsdiq edər ki, Hacıbala müəllimin daxilində bir Ulu Öndər sevgisi, məhəbbəti var. Bu sevgini hələ heç bir qüvvə önun ürəyindən qopara bilməyib, əksinə günü-gündən artır. Hacıbala müəllim gözəl insan, ailə başçısı, vətənini sevən VƏTƏNDAŞ, tanınmış alim, ictimai-siyasi xadim olmaqla yanaşı, həm də misli bərabəri olmayan təşkilatçı-lider, təkrarolunmayan paytaxt meridir. Yox, onun bu keyfiyyətləri 2001-ci ildə Ulu Öndərimiz, Prezident Heydər Əliyevin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonar üzə çıxmayıb, bu təyinatdan əvvəl Bakının Suraxanı rayonunda icra hakimiyyətinin başçısı işləyərkən Ümummilli liderimizin diqqətini cəlb edib. Hacıbala müəllimin iş üslubu və bunun Azərbaycanın digər rayonlarında tətbiq olunması ilə bağlı Prezident Heydər Əliyevin verdiyi sərəncam bütün sualların cavabıdır desək yanılmarıq.
Ulu Öndər Heydər Əliyevin 20 iyul 1999-cu ildə imzaladığı Sərəncamda oxuyuruq: "Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsədyönlü fəaliyyət nəticəsində rayonda sənaye məhsullarının istehsalı ildən-ilə artır, mənzil tikintisi həyata keçirilir və ehtiyacı olanlara verilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara qayğı və hərtərəfli yardım göstərilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsini müsbət qiymətləndirərək qərara alıram:
1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayiq hesab edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yerli icra hakimiyyəti orqanları, nazirlik, komitə, şirkət, birlik və idarələr arasında yayılmasını təmin etsin.
3. Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın".
Hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini uğurla davam etdirən Hacıbala Abutalıbov siyasi fəaliyyətində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü kimi hakim partiyanın yeni nailiyyətlər əldə etməsi üçün çalışır.
Haşiyə: Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalayıb.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.
Biz də "Səs" Media Qrup adından hörmətli Hacıbala müəllimi anadan olmasının 70 illiyi münasibətilə ürəkdən təbrik edir, Azərbaycan dövlətçiliyinin tərəqqisində, inkişafında, Ulu Öndər Heydər Əliyevin ideologiyasının uğurla həyata keçirilməsində ona yeni-yeni uğurlar arzulayır, Tanrıdan can sağlığı diləyirik!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB