Gəncədə konfrans öz işinə başlayıb

Gəncədə konfrans öz işinə başlayıb

Bu gün Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Üniversitetinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir biologiya və kimyanın aktual problemləri" mövzusunda elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, iki gün davam edəcək konfransın birinci günündə konfransa gələn qonaqlarla şəhər gəzintisi olub.

Qonaqlar əvvəlcə "Yeni Gəncə"nin simvolu olan və Ümummilli Liderin adını daşıyan möhtəşəm Park kompleksi və Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin abidəsini ziyarət ediblər. Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Nizami Hacıyev, Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri İlham Pirməmmədov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, şəhər ziyalıları, tələbə-gənclər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan universitetin rektoru Yusif Yusibov konfrans iştirakçılarını və gələn qonaqları salamlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, müdrik siyasəti, bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın güclü-qüdrətli dövlətə çevrilməsindən ətraflı bəhs edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Nizami Hacıyev, Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri İlham Pirməmmədov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. İlk gün plenar məruzələr dinləndikdən sonra bölmə iclasları ilə konfrans işini davam edib. Qeyd edək ki, ikinci gün konfransın yekunları açıqlanacaq. Sonra isə qonaqlar Gəncədə yeni tikililərlə tanış olacaqlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə