Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulluğu tərəfindən anma mərasimi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Ümummilli Liderimizin Qarsdakı abidəsi önünə əklillər, gül çələngləri, tər çiçəklər düzülüb, iştirakçılar xatirə şəkli çəkdiriblər.
Tədbirdə Qars Qafqaz Universiteti, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Milli Elmlər Akademiyasının nümayəndələri, Baş konsulluğun əməkdaşları, universitetdə təhsil alan azərbaycanlı tələbələr, Qarsda yaşayan soydaşlarımız və yerli KİV-nin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev və onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, eləcə də Azərbaycan həqiqətlərin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair digər əyani vəsaitlər baş konsulluq adından hədiyyə olaraq Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə təqdim olunub.
KİV nümayəndələrinə müsahibə verən Baş konsul Ayxan Süleymanov Ulu Öndərimizin tarixi xilaskarlıq missiyasından, Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi və respublikamızın beynəlxalq siyasi arenadakı yüksək imici Heydər Əliyevin tarixi fəaliyyətinin nəticəsidir. Ulu Öndərimiizn 2002-ci ildə Qars şəhərinə səfər çərçivəsində Qars Qafqaz Universitetinə etdiyi ziyarəti xatırladan baş konsul qeyd edib ki, Heydər Əliyevin Türkiyə - Azərbaycan münasibətlərinin inkişafından əbədi bir körpü yaradıb.
Jurnalistlərə müsahibə verən Qafqaz Universitetinin professoru - həmyerlimiz Hacıəli Nəcəfoğlu Baş konsula tərəfindən Heydər Əliyev Mərkəzinə verilən kitab və digər əyani vəsaitləri universitetin kollektivi üçün böyük qənimət kimi dəyərləndirərək qeyd edib ki, təqdim olunan hədiyyələr Ulu Öndərimizin həyat və fəaliyyəti, Azərbaycan haqqında ətraflı məlumatlar və ölkəmizə dair digər həqiqətləri daha da yaxından tanıdılması və maarifləndirməsi işlər üçün böyük töhfələrin verəcəkdir. Ulu öndər Heydər Əliyevin tarixi missiyası, həyata keçirdiyi siyasi tədbirlərin mahiyyəti və digər məqamlar barədə məlumat verən H.Nəcəfoğlu Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmə inteqrasiya edilməsi istiqamətindəki apardığı strategiyalardan bəhs edib.
İştirakçılar universitetin konfrans salonunda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Ziyafət süfrəsi arxasında davam etdirilən mərasim yerli KİV tərəfindən geniş işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə