Mətbuat Şurası Hacı Mirəziz Seyidzadənin ölümü ilə bağlı nekroloq yayıb

Mətbuat Şurası Hacı Mirəziz Seyidzadənin ölümü ilə bağlı nekroloq yayıb

Mətbuat Şurası Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin vəfatı ilə əlaqədar nekroloq yayıb. SİA-nın məlumatına görə, nekroloqda Hacı Mirəziz Seyidzadənin Azərbaycanın böyük İslam alimi olduğu qeyd olunub:

"Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonunun Türkoba kəndində anadan olub. İslam dininin nəzəriyyəsi və tarixi ilə bağlı dəyərli araşdırmaların müəllifi olan M.Seyidzadə rəhbərlik etdiyi "Kəlam" jurnalında dinimizin fəzilətlərinin oxuculara çatdırılması işini yüksək peşəkarlıqla həyata keçirib. Jurnalda ən parlaq materialların, tədqiqat işlərinin, araşdırmaların əks olunmasına böyük önəm verib. Nəşrin bu baxımdan nümunə sayılması dəyərli qələm adamının yorulmaq bilməyən fəaliyyətinin, ideya zənginliyinin nəticəsi idi. Mirəziz Seyidzadənin həyatının mahiyyətini təşkil edən bu axtarışlar isə hələ ötən əsrin 70-ci illərindən başlayıb. Həmin vaxtdan etibarən mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib.

Həyatının müxtəlif illərində Astara və Masallıda "Cümə" məscidinin axundu vəzifəsində çalışan Mirəziz Seyidzadə Bakı İslam Universitetinin müəllimi kimi gənc nəslin əqidəli vətəndaş olaraq yetişməsinə öz töhfəsini verib. İslam dini ilə bağlı məsələlərə şərhləri, ifadə etdiyi baxışlar onun əsl ziyalı simasını formalaşdırıb. Bu keyfiyyətlərinə görə Mirəziz Seyidzadə təkcə ölkənin media ictimaiyyətinin deyil, bütövlükdə cəmiyyətin rəğbətini qazanıb.

Gözəl insan, qayğıkeş ata, dəyərli qələm sahibi Mirəziz Seyidzadənin yoxluğundan danışmaq çox çətindir. Onun vəfatı hamımız üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına və yaxınlarına başsağlığı verir, onların üzüntüsünü paylaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə