Ulu öndərin doğum günü ilə bağlı 1 saylı Cəzaçəkmə müəssisəsində tədbir keçirilib FOTO

Ulu öndərin doğum günü ilə bağlı 1 saylı Cəzaçəkmə müəssisəsində tədbir keçirilib FOTO

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə 1 saylı Cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətindən bəhs edib.

Bildirib ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv Sərəncamı imzalanıb: "Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Ulu öndər tərəfindən imzalanan əfv sərəncamları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ümummilli lider, həmçinin, böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Həmçinin, Onun siyasi varisi Prezident İlham Əliyevin idarəçiliyi dövründə də Azərbaycan xalqı eyni siyasətin yürüdüldüyünün şahididir".

Çıxış edən 1 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov söyləyib ki, dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir: "Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına şərait yaradır".

Digər çıxış edənlər vurğulayıb ki, dövlətin humanist siyasəti yüksək qiymətləndirilir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə isə cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-hakimiyyət münasibətləri formalaşır.

Sonda Cəzaçəkmə müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə