Azərbaycanla ÜƏMT arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycanla ÜƏMT arasında Anlaşma Memorandumu imzalanacaq

13-15 may tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarri Azərbaycanda rəsmi səfərdə olacaq.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Müasir iqtisadiyyatda əqli mülkiyyət" mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə Təşkilatın ikinci dəfə Baş direktoru seçiləndən sonra Frensis Qarri ilk səfərini Azərbaycana edir.

Azərbaycan Respublikası BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olub. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə