Azərbaycanda yaşayan əcnəbilərə şad xəbər

Azərbaycanda yaşayan əcnəbilərə şad xəbər

Azərbaycan vətəndaşlarına və burada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, ölkədə qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycanın vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün yeni dövlət rüsumunun dərəcələri məlum olub. SİA-nın xəbərinə görə, dəyişikliklər Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən rüsumların dərəcələri aşağı salınıb. Belə ki, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin uzadılmasına görə 3 ayadək- 15, 6 ayadək- 30, 1 ilədək- 60, 1 il 6 ayadək- 90, 2 ilədək- 120, 2 il 6 ayadək- 150, 3 ilədək -180 manat dövlət rüsumu təyin olunub.

Eyni zamanda Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 1 illik -40, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat dövlət rüsumu tələb olunur. Bununla yanaşı, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 300 manat dövlət rüsumu müəyyən olunub.

Dəyişikliklərdə həmçinin ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri də əks olunub. Belə ki, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək- 350, 6 ayadək- 600, 1 ilədək isə 1000 manat məbləğində dövlət rüsumu ödənilməsi müəyyən edilib.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə