Ulu öndər Heydər Əliyevin 91 illiyinə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilən film nümayiş etdirilib.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə böyük nüfuz qazanan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğuladı. Dövlətimizin başçısı "Yeniləşən Azərbaycana yeni məktəb", "Xocalıya ədalət!", həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirdi. Məhdud sayda əməkdaşının peşəkarlığı ilə seçilən Fondun ötən illərdə Ulu Öndərin adını şərəflə təmsil etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövləti adından səmərəli fəaliyyətinə görə Fondun kollektivinə dərin minnətdarlığını çatdırdı.
Dövlətimizin başçısı bir-birinə tamamilə zidd olan dövrlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğuladı. Keçmiş ittifaq dövründə ən geridə qalan respublikalardan biri olan Azərbaycan cəmi 12 il ərzində Ulu Öndərin rəhbərliyi ilə özünü tam təmin edən iki donor respublikadan birinə çevrildi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu dedi. Dövlətimizin başçısı ən ağır dövrlərdə Azərbaycanın Heydər Əliyevin şəxsi keyfiyyətləri, onun Vətəninə və xalqına dərindən bağlılığı hesabına bütün çətinlikləri dəf edərək hərtərəfli inkişafa nail olduğunu xüsusi vurğuladı.
Prezident İlham Əliyev hazırda da Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirdi. Ötən illərdə Azərbaycanın beynəlxalq nüfuzunun durmadan möhkəmləndiyini qeyd edən dövlətimizin başçısı 2023-cü ilə qədər nəzərdə tutulan bütün tədbirlərin də uğurla reallaşdırılacağına, Azərbaycanın indikindən də qat-qat güclü olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev müstəqil siyasət yürüdən Azərbaycanın bundan sonra da Ulu Öndərin strateji xəttinə sadiq qalacağını, Ümummilli Liderin ideyalarını rəhbər tutan xalqımızın dövlətimizi daim irəli aparacağını vurğuladı.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış etdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. "Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb", - deyən Mehriban Əliyeva bildirdi ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğuladı.
Fondun çoxşaxəli fəaliyyətindən, icra etdiyi layihə və proqramlardan danışan Mehriban Əliyeva onu da qeyd etdi ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə edib, əldə olunan nəticələr isə çox genişdir. Reallaşdırılan proqramları sadalayan Mehriban Əliyeva bildirdi ki, bu gün bütün bu layihələrin nəticələri göz qabağındadır və onlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.
Heydər Əliyev Fondunun prezidenti "Yeniləşən Azərbaycana yeni məktəb", "Talassemiyasız həyat naminə", Azərbaycanın zəngin irsinin qorunub saxlanılması, dini abidələrin bərpa olunması, dünyanın müxtəlif ölkələrində Azərbaycan günlərinin keçirilməsi, digər ölkələrin mədəniyyətlərinin qorunmasına dəstəklə bağlı icra edilən layihələri qeyd etdi, Fondun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurduğunu bildirdi, Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin uğurlu fəaliyyətinə diqqət yetirdi. Vurğuladı ki, təşkilatın təşəbbüslərinə geniş şəkildə Azərbaycan gəncləri də qoşulur. Bundan başqa, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyəti də artıq nəticəsini verir.
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar" beynəlxalq mükafatının 2014-cü il qalibləri elan olundu.
Azərbaycanın musiqi mədəniyyətinin təbliğində fəal iştirakına görə dirijor, Qara Qarayev adına Dövlət kamera orkestrinin bədii rəhbəri, Xalq Artisti Teymur Göyçayevə "Qızıl çinar" beynəlxalq mükafatı təqdim edildi.
Xalq Artisti Teymur Göyçayev minnətdarlığını bildirərək dedi: "Hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli xanımlar və cənablar.
Əvvəla, mən istərdim öz adımdan Fondun rəhbərliyini və bütün işçilərini yubiley münasibətilə təbrik edim. Bilirsiniz, bu "Çinar"a baxıb mən 2006-cı ili yadıma salıram. O ildə məhz Mehriban xanımın təşəbbüsü ilə Uşaq və Gənclər Simfonik Orkestri yaradılmışdır və bu orkestr çoxlu uğurlu konsertlərlə çıxış etmişdir. Ən gözəl nəticə odur ki, bu illər ərzində 50 nəfərə yaxın peşəkar musiqiçi yetişmişdir və onlar böyük orkestrlərə daxil olmuşlar. Bu orkestr indi də fəaliyyət göstərir.
Mən bu "Çinar"a baxanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagird və müəllimlərinin beynəlxalq müsabiqələrdə çoxsaylı qələbələrini görürəm. Mən bu "Çinar"a baxanda bizim bu il 50 illiyini qeyd edən Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin uğurlarını görürəm.
Sizin icazənizlə, mən istərdim adıçəkilən bütün bu kollektivlərin adından və öz adımdan bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirim. Sizə uğurlar, cansağlığı arzulayıram. Diqqətinizə görə çox sağ olun".
"Qızıl çinar" beynəlxalq mükafatı Azərbaycan və Macarıstan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və xalqlararası mədəni mübadilənin inkişafına verdiyi töhfələrə görə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoraya təqdim edildi.
Mükafatı qəbul edən Jolt Çutora təşəkkürünü bildirərək dedi: "Cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Baxıram ki, burada yalnız dostlarımız əyləşib. Deməli, hər şey normaldır, açıq danışmaq olar. Bilirsinizmi, deməyə söz tapmıram. Mən bilirəm ki, "fond" sözü "əsas" deməkdir. Bu, mənim üçün nə deməkdir? Mən Fond ilə 15 il bundan əvvəl görüşmüşəm. Deyə bilərsiniz ki, Fondun yaranmasının 10-cu ildönümü bu gün tamam olur. Lakin mən 15 il bundan əvvəl ilk dəfə Azərbaycanda olmuşam və mərhum ümummilli lider Heydər Əliyevlə görüşmüşəm. Onda mən Fondu - əsası gördüm. Bir sözlə, macar dilində "əsas" və "fond" eyni sözlərdir. Mən Sizi təbrik edirəm.
Mən buraya bu gün səhər təyyarə ilə gəlmişəm. Dünən mən Budapeştdə məhz gözdən əlil uşaqlar üçün məktəbdə olmuşam. Bu məktəb Sizin sayənizdə, Fondun sayəsində çox yaxşı vəziyyətdədir. Çox sağ olun.
Bilirsinizmi, səfirlər üç növ olur. Bəzi səfirlər öz ranqına görə evdə - Xarici İşlər Nazirliyində işləyirlər. Səfirlərin ikinci növü adi səfirlərdir – bir dövlətin başqa dövlətdə işləyən səfirləri. Səfirlərin üçüncü növü qeyri-adidir. Bu, mənəm. Macarıstanın Azərbaycanda işləyən, lakin öz evində olan səfiri. Mən burada özümü evimdə olduğu kimi hiss edirəm. Çox sağ olun. Mən Azərbaycanı həm də öz vətənim kimi hiss edirəm. Çox sağ olun. Bu, Fondun sayəsində belədir. Sağ olun, Mehriban xanım.
Ölkələrimiz arasında münasibətlərdə hər şey normaldır. Münasibətlərimiz yaxşıdır. Bilirsinizmi, əgər mən Fond ilə birlikdə neçə layihə üzərində işlədiyimizi, neçə layihə barədə düşündüyümüzü və neçəsini artıq tamamladığımızı sadalamaq istəsəm, bu siyahını səhərə qədər davam etdirmək olardı. Mən yalnız çox vacib olan bir layihə barədə danışmaq istərdim. Bizim bu ay keçirəcəyimiz mədəni tədbirlər barədə. Mən adi diplomat deyiləm, sirlərimi həmişə sizə söyləyə bilərəm. Dostlar arasında bunu demək olar. Amma xahiş edirəm, hələlik heç kəsə deməyin. Biz Fond ilə birlikdə ilk Azərbaycan-Macarıstan aşpazlıq kitabı üzərində uğurla işləyirik. Orada yeməkləri mən və dostlarım hazırlayacağıq. Bilirsinizmi, bir söz var, onu xatırladım və yalnız sizin üçün sitat gətirmək istəyirəm: Dövlət nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngindir.
Çox sağ olun. Bu, mənim üçün çox böyük şərəfdir".
Beynəlxalq arenada Azərbaycan muğamını, qədim musiqi sənətimizi özünəməxsus ifası ilə milyonlara sevdirən Xalq Artisti Alim Qasımova Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı təqdim olundu.
Mükafata görə minnətdarlığını çatdıran Alim Qasimov dedi: "Salam, axşamınız xeyir, cənab Prezidentimiz, hörmətli Mehriban xanım.
Bu mükafat bizim bütün xalq musiqisinə verilən mükafatıdır. Biz də özümüzü bu Fondun işçilərindən hesab edirik. İcazə versəniz, bir ağız da muğamdan deyərdim.
Xanəndə Alim Qasımov muğam parçası ifa etdi".
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrə fəal dəstəyinə görə Fransa senatoru xanım Natali Quleyə də Heydər Əliyev Fondunun "Qızıl çinar" mükafatı təqdim edildi.
Fondun beynəlxalq mükafatı ilə təltif olunduğuna görə təşəkkür edən Natali Qule dedi: "Çox sağ olun. Mən Azərbaycanın dostuyam və Azərbaycanı yaxşı tanıyıram. Aramızda olan dostluğun uzun tarixi vardır. Mən bu münasibətlə əlbəttə ki, birinci xanıma təşəkkürümü bildirirəm. Mən bildirmək istəyirəm ki, Sizin fəaliyyətiniz bir çox insanlar üçün, ehtiyac duyan insanlar üçün, o cümlədən qaçqın və məcburi köçkün ailələri üçün çox vacib olub. Sizinlə bir çox nailiyyətlər əldə etmişik. Mən sadəcə bildirmək istəyirəm ki, Sizin ölkənizin taleyini özüm üçün çox vacib hesab edirəm və ürəyimə çox yaxın tuturam".
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimin bədii hissəsini Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı davam etdirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB