Hacıbala Abıtalıbov: "Bakıda müvəqqəti avtomobil duracaqları yaradılacaq" Müsahibə

Hacıbala Abıtalıbov: "Bakıda müvəqqəti avtomobil duracaqları yaradılacaq" Müsahibə

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun SİA-ya müsahibəsi:

- Gül bayramı ilə əlaqədar Bakıya hansı ölkələrdən güllər gətirilib?

- Bu gün Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Bu gün münasibəti ilə başda prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Bugünkü gül bayramında dünyanın müxtəlif ölkələrindən ən nadir 6 milyona yaxın gül gətirilib. Bu il həm də Cənubi Afrika ölkəsindən gül gətirilib. Oradan gətirilən güllər fərqliliyi ilə seçilir. Belə ki, adi torbalarda olan güllərin dibi hər zaman su ilə doludur. Əgər hər hansı bir həşərat torbaya daxil olarsa, həmin torba avtomatik olaraq bağlanır və həşərat tələf olur. Daha sonra isə həmin bitki yenidən açılır və havadan yenidən suyu qəbul edir. Bayramla əlaqədar Almaniya, Cənubi Afrika, İngiltərə, Çin, Hollandiya, Türkiyə, İran, hətta Amerikadan 1 treyler xüsusi gül gətirilib.

Heydər Əliyev Sarayının arxasındakı Şəhər Mərkəzi Parkında da güllər tamam başqa dizaynla bəzədilib. Mayın 1-dən 10-na kimi güllərin bəzədilməsi üçün 270-dən çox hollandiyalı dizayner çalışıb. Heydər Əliyev parkında olan Ulu öndərin portreti də tamamilə güllərdən hazırlanıb. Onu da qeyd edim ki, Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir. Həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir. Xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir. Gül bayramı üçün Azərbaycanın sarı mətbuatında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini sarı mətbuatda göstərmək istəyirlər. Bu güllərdə Heydər Əliyevin sevgisi və məhəbbəti yaşayır. Sərgi mayın 15-nə kimi davam edəcək.

- Qadağan olunan ərazilərdə avtomobillərin park edilməsi ilə bağlı Bakı şəhər İcra hakimiyyəti hansı işləri həyata keçirir?

- Bakının müxtəlif ərazilərində müvəqqəti avtomobil duracaqları yaradılacaq. Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunan küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaq. Ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılacaq. Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcək. Buna görə də Bakıda tıxac və qanunsuz park etmək probleminin aradan qaldırılması məqsədilə 8 terminal - "Park-manat" artıq quraşdırılıb.

İnsanlar müəyyən olunan yerlərdə maşın saxlayarkən mütləq dəqiqəni müəyyənləşdirməli və buna uyğun olaraq ödəniş etməlidir. Pula uyğun qəbz götürülür və onu maşının üzərinə vurulur. Cərimə 1 saat ərzində mütləq ödənilməlidir. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq. İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq. Avtomatların yanında xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. "Park-manat"lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq.

- Gələcəkdə yeraltı dayanacaqlarda qiymətlərin endirilməsi ehtimalı var?

- Yeraltı dayanacaqlarda qiymətlərin aşağı salınması hələlik nəzərdə tutulmur. Bu gün Heydər Əliyev mərkəzi şəhər parkı və Azadlıq Meydanındakı yeraltı dayanacaqda qiymətlər münasibdir. Həmin dayanacaqların xərci borcunu ödəyir. 1 aya kimi onlar dolandan sonra dövlətə xeyir verəcək. Bu gün Bakıda ən ucuz dayanacaqlar Füzuli və Azadlıq Meydanındadır. Gələcəkdə çalışacağıq ki, qiymətlərə müəyyən qdəər baxaq və xidmət daha da yüksək səviyyədə olsun.

- Paytaxta yeni avtobusların gətirilməsi nəzərdə tutulur?

- Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bakıya Fransadan dünyanın ən müasir, gözəl avtobusları gətiriləcək. Gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur. Fransa prezidentinin mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində bununla bağlı müqavilə imzalanacaq. Bakının bütün ərazisində həmin avtobuslardan istifadə olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə