Bakıda möhtəşəm Gül bayramı keçirilib YENİLƏNİB

Bakıda möhtəşəm Gül bayramı keçirilib YENİLƏNİB

Ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında təntənəli Gül bayramı keçirilib. SİA-nın xəbərinə görə, ilk olaraq Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri güllərə baxıblar. Dövlət başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət ediblər, xatirə şəkli çəkdiriblər.

Daha sonra Gül bayramı vətəndaşlar üçün açıq elan edilib. Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın arxasında yerləşən Şəhər Mərkəzi parkı öz görkəmini tam dəyişib, paytaxt sakinləri və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilib. Hər il məhz Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil olunan gül bayramı bu il də ənənəvi təntənəsini yaşayıb və öz ərazisini daha da genişləndirib. Bu il Gül bayramına Heydər Əliyev Sarayının arxasında yerləşən Şəhər Mərkəzi Parkı da qoşulub, ərazi güllərdən ibarət olan maraqlı kompozisiyalarla bəzədilib.

SƏS TV-yə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, bayramla əlaqədar Bakıya dünyanın müxtəlif ölkələrindən ən nadir 6 milyona yaxın gül gətirilib. Onun sözlərinə görə, builki gül bayramına ilk dəfə olaraq Cənubi Afrikadan da güllər gətirilib: "Bu il həm də Cənubi Afrika ölkəsindən gül gətirilib. Ordan gətirilən güllər fərqliliyi ilə seçilir. Belə ki, adi torbalarda olan güllərin dibi hər zaman su ilə doludur. Əgər hər hansı bir həşərat torbaya daxil olarsa, həmin torba avtomatik olaraq bağlanır və həşərat tələf olur. Daha sonra isə həmin bitki yenidən açılır və havadan yenidən suyu qəbul edir. Gül bayramında Almaniya, Cənubi Afrika, İngiltərə, Çin, Hollandiya, Türkiyə, İran, hətta Amerikadan 1 treyler xüsusi gül gətirilib. Orda da tamam başqa dizaynla bəzədilib".

İcra başçısı onu da qeyd edib ki, mayın 1-dən 10-na kimi gül bayramında nümayiş olunan kompozisiyaların hazırlanması üçün 270-dən hollandiyalı dizayner çalışıb.

Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılıb. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Burada diqqəti Parkın mərkəzində müstəqil dövlətimizin qurucusu, anadan olmasının 91-cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin ucalan əzəmətli abidəsi cəlb edir. Abidənin postamenti güllərlə bəzədilib.

Gül bayramı üçün görülən işlər Bakı sakinlərinin də ürəyincə olub. Parkda fəvvarələr də güllərlə əhatə olunub. Minlərlə çiçəyin, gülün bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Parka gələn uşaqların gülləri xatırladan müxtəlif libaslarda bayrama təşrif buyurması bu gözəl gündə insanların ovqatını daha da artırır.

Bu möhtəşəm bayramda balacalar da yaddan çıxmayıb. Belə ki, müxtəlif yerli və xarici cizgi qəhrəmanlarının güldən hazırlanan maketləri bayrama xüsusi rəng qatıb.

Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulub. Bu kompozisiyanı Ulu öndərin portreti bəzəyir. Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan ibarət oldu ki, yüzlərlə uşaq bu ərazidə yürüş ediblər.

Məlumat üçün bildirək ki, Gül bayramı mayın 15-nə kimi davam edəcək.

Qeyd edək ki, Gül bayramında xarici qonaqlarla yanaşı, Yeni Azərbaycan Partiyasının rəsmiləri, o cümlədən Baş nazirin müavini Əli Əhmədov və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə