“Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunan "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirib. SİA xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Salahlı bildirib ki, hazırda Azərbaycanda dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir.

Onun sözlərinə görə, ölkəmizdə bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev siyasətinin davamıdır ki, bu gün Azərbaycanda mövcud olan tolerantlıq bir sıra inkişaf etməkdə olan dövlətlər üçün nümunəyə çevrilib: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə İslam dini ilə yanaşı digər dinlərə, təriqətlərə və cərəyanlara fəaliyyət göstərməsi üçün lazımı şərait yaradılıb, bir çox dini məbədlər yenidən inşa olunub və əksəriyyətində təmir-bərpa işləri aparılıb. Bakının ən böyük məscidi olan Təzəpir məscidinin, qədim tarixə malik Bibi Heybət məscidinin, Mir Möhsün ağanın ziyarətgahının bərpası bilavasitə dövlət xadimi Heydər Əliyevin himayəsi altında həyata keçirilib".

Millət vəkili Aydın Mirzəzadə tədbirdə çıxışında deyib ki, hazırda Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətin uğurlu siyasətinin göstəricisidir: "Bu siyasətin əsasını qoyan Ulu Öndər Heydər Əliyev Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına şərait yaradıb. Hazırda bu siyasətin davamı kimi ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur".

Daha sonra digər tədbir iştirakçıları da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın mənəvi dəyərlərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə