Qələbə günü Londonda da təntənə ilə qeyd edilib

Qələbə günü Londonda da təntənə ilə qeyd edilib

Sovet Anma və Etimad Fondunun təşkilatçılığı ilə Londonun "İmperial War" muzeyində İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümü münasibəti ilə təntənəli tədbir keçirilib.

SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və diplomatik nümayəndəliyin nəzdində fəaliyyət göstərən hərbi attaşe aparatının əməkdaşları tədbirdə iştirak ediblər.
Mərasimdə Londonun rəhbər işçiləri, müharibə veteranları, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak ediblər.
Bayram mərasimində çıxış edənlər bildiriblər ki, bəşər tarixinin ən dəhşətli müharibəsində Sovet ordusu sıralarında xidmət edən bütün xalqlar qələbənin əldə olunmasına böyük töhfələr verib. Bu müharibədə 27 milyona yaxın sovet vətəndaşı həlak olub.
Natiqlər həmin müharibədə şərəfli döyüş yolu keçən qəhrəman əsgərlərin xidmətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını əminliklə vurğulayıblar.
Sonda nümayəndə heyətləri təmsil ettikləri qurumların adından muzeyin həyətində Böyük Vətən müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin önünə əkil qoyaraq qanlı-qadalı illərdə həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Tədbrin rəsmi hissəsindən sonra qonaqlar müxtəlif ölkələrin mətbəx nümunələrindən dadmağa dəvət olunub.
Azərbaycan milli mətbəxinin ləziz təamları qonaqlarda böyük maraq doğurub.
Tədbirdən sonra, bayram münasibəti ilə konsert proqramı təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə