Səbail rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan ənənəvi gül bayramı keçirilib. SİA-nın xəbərinə görə, bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"nda lazımi abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, buradakı hər 3 fəvvarələrin ətrafı güllərlə bəzədilib.
Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilib, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilib, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb edib.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, millət vəkilləri və digər qonaqlar bağı gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olublar.
Tədbirdə jurnalistlərə açıqlama verən Səbail rayon icra başçısı Asif Əsgərov bildirib ki, müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır: "Ümummilli lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
"Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilib, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli lider Heydər Əliyev və görkəmli alim, akademik Zərifə Əliyevanın güllərdən hazırlanan portretləri, Bakı və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu Qız qalasının, Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən "Alov Qüllələri" Kompleksinin, "Səbail" gəmisinin güldən hazırlanan maketləri bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edib.
Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Rayondakı Dövlət İqtisad, Pedaqoji və "Qərb" Universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kompozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənən sənət nümunələri, xüsusilə də Ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə Əliyevanın muncuqlardan hazırlanan portretləri iştirakçılarda daha xoş təəssürat yaradıb.
Parkın bir hissəsində quraşdırılan səhnədə respublikanın populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB