SHXÇDX-də “Hər şey qələbə üçün” adlı kitab-albomun təqdimatı olub

SHXÇDX-də “Hər şey qələbə üçün” adlı kitab-albomun təqdimatı olub

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Hər şey qələbə üçün" adlı kitab-albomun təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə SHXÇDX-nin rəhbərliyi, rayon şöbələrinin və struktur qurumlarının rəhbərləri, millət vəkili Musa Qasımlı və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb: "Ulu Öndər Heydər Əliyev SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik edərkən onu narahat edən məsələlərdən biri də hərbi kadrların çox az olması idi. Hələ Çar Rusiyası dövründə azərbaycanlıların azadlıq eşqinin məhv edilməsi üçün gənclər hərbi xidmətə cəlb edilmir, onlara mübarizə əzmini unutdurmağa çalışırdılar. Bu siyasət sovet hökuməti dövründə də davam etdirilirdi. Ancaq Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkildi. Ümummilli Lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Bu gün də həmin liseyin məzunu olmuş zabitlər Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunurlar".

A.Rəhimov deyib ki, Ulu Öndər Heydər Əliyev 90-cı illərin əvvəllərində, SSRİ dağılan dövrdə hakimiyyətdə olsaydı, bu gün Dağlıq Qarabağ və digər problemlərimiz olmazdı.

A.Rəhimov SHXÇDX-nin təşəbbüsü ilə hazırlanmış kitabın Heydər Əliyevin xatirəsinə həsr olunduğunu qeyd edib.

Kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani kitab-albomun hazırlanmasına bu ilin fevral ayında başlanıldığını və onun tez bir zamanda ərsəyə gəldiyini bildirib.

A.Qurbani kitab-albomda SHXÇDX-nin xidmətinin fəaliyyəti və keçirdiyi tədbirlərin yer aldığını qeyd edib.

Çıxış edən millət vəkili, professor Musa Qasımlı isə SSRİ dönəmində Azərbaycanda zabit kadrların hazırlanmasında Ulu Öndər Heydər Əliyevin rolu və müstəqillik dövründə ordu quruculuğu sahəsində keçirdiyi tədbirlər barədə arxiv materiallarından bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə