Prezident “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb

Prezident “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin nüvə texnologiyalarının müasir dövrün ıbtələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurəti nəzərə alınaraq yaradıldığı bildirilir.

Sərəncama əsasən Nazirlər Kabineti Cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, QSC-nin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, qurumun fəaliyyətini təmin etmək məqsədi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək əmlakın siyahısının müəyyən edilərək verilməsini, habelə Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etməlidir.

Sərəncamda Nazirlər Kabinetinə Prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Həmçinin Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, Fövqəladə Hallar Nazirliyi QSC-nin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirməli, Milli Elmlər Akademiyası isə Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsini təmin etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə