Raqif Abbasov: "Azərbaycan gənclər dövlətidir" MÜSAHİBƏ

“Dünya hələ zaman-zaman Ulu Öndərin düşüncələrindən və gördüyü işlərdən bəhrələnəcək"
Raqif Abbasov: "Azərbaycan gənclər dövlətidir" MÜSAHİBƏ

Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasovun SƏS TV-yə müsahibəsi

- Qarşıdan Ümumilli Lider Heydər Əliyevin 91-ci ildönümü gəlir. Ulu Öndərin ölkəmizin inkişafı, Azərbaycanın dövlətçiliyi uğrunda gördüyü işlər haqqında nə deyə bilərsiniz?

- Ümummilli Lider haqqında danışmaq həm şərəfli, həm də məsuliyyətlidir. Ona görə ki, Ulu Öndər dünyanın ən böyük şəxsiyyətlərindən biridir. Ümummilli Lider haqqında danışmaq həm də ona görə şərəflidir ki, biz Ulu Öndər iştirakı ilə bir neçə tədbirlərdə iştirak etmiş, Dahi Öndəri canlı dinləmiş, onun tövsiyyələrini, ideyalarını dinləmişik. Ulu Öndər Azərbaycan hüdudlarından kənara çıxan, XX əsrin dünya siyasətçiləri tərəfindən qəbul olunan ən böyük siyasətçilərdən biri və birincisidir. Bugünkü gənclik Dahi Öndərin dövlət gənclər siyasəti ilə bağlı uzaqgörən, 10 illiklərə nəzərdə tutulan addımlarından bəhrələnir və həmin ideyaları yaşadır. Ulu Öndərin idman siyasəti ilə bağlı verdiyi tövsiyələri bu gün ölkəmizin yüzlərlə medallar əldə etməsinə, üçrəngli bayrağımızın dalğalanmasına, dövlət himnimizin dünyanın aparıcı, mötəbər idman yarışlarında səsləndirilməsinə gətirib çıxarıb. Bu məqamda Ulu öndərin çox gözəl bir kəlamı yada düşür. Ümumilli Lider hər zaman söyləyərdi ki, "Azərbaycanın dövlət rəmzlərini idman kimi nümayiş etdirən ikinci bir vasitə yoxdur". Bəli, bu həqiqətən də belədir. İdmançı qalibiyyət əldə edəndə dövlət himnimiz səslənir, bayrağımız ucalır. Bu gün gənclərimiz Ümummilli Lider siyasətindən bəhrələnərək birmənalı olaraq təşkilatlanıb, öz üzərində çalışır. Ölkəmizdə gənclər siyasəti normativ hüquqi sənədlərlə tənzimlənib. Gənclər bu siyasətini gerçəkləşdirən Gənclər və İdman Nazirliyi Ulu Öndər tərəfindən 1994-cü ildə yaradılıb. Qurumun fəaliyyəti nəticəsində ölkəmizdə gənclərin təşkilatlanması prosesində çoxşaxəlilik, dünyəvilik, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində çoxsaylı layihələr gerçəkləşib, Azərbaycan gəncliyinin səsi tək ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da gəlir. Bütün bunların təməli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin gənclərlə bağlı çox hikmətli bir kəlamı var idi. O hər zaman söyləyərdi ki, "Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir". Bu kəlam işləkdir və gənclik bunun məsuliyyət yükünü dərk edərək, Ulu Öndər Heydər Əliyevin ideyaları ətrafında birləşərək bu ideyaları yaşadır ki, bizdən sonra gələcək nəsillər də bu ideyalardan bəhrələnsin.

- Hər kəsə məlumdur ki, Ulu Öndər gənclər siyasətinin banisidir və Ümummilli Lider bu sahə ilə bağlı bir çox işlər görüb, addımlar atıb. Bu addımlar haqqında geniş məlumat verərdiniz?

- Bu gün daşıdığımız kimlik, şəxsiyyətimizi təsdiq edən sənəd ilk olaraq Ulu Öndər tərəfindən müstəqilliyimizin ilk rəmzi olaraq gənclərə verilib. Bu gün mövcud olan gənclər təşkilatlarının Milli Şurası və onun ətrafında birləşən 200-dən çox təşkilatın təməli Ulu Öndər tərəfindən qoyulub. Gənclər və İdman nazirliyinin gənclər siyasəti ilə bağlı icra etdiyi geniş coğrafiya hansı ki, bura ailə institutunun qorunması, vətənpərvərlik məsələsi, asudə vaxtın səmərəli təşkili, valideyn himayəsindən məhrum olan uşaqların problemləri, gənc istedadların üzə çıxarılması və digər məsələlər var ki, onlar vaxtilə Ulu Öndər tərəfindən təməli qoyulan siyasət nəticəsində uğurla həyata keçirilir.

Ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurların əsasında dayanan gənclərimizin xaricdə təhsil alması məsələsinin ilki də Ulu Öndər tərəfindən qoyulub. Bunun nəticəsidir ki, bu gün gənclərimiz xaricdə ən aparıcı ali təhsil ocaqlarında təhsil alır. Bundan əlavə bir çox məsələlər var ki, onların bəhrəsi zaman-zaman özünü göstərəcək. Artıq dünyanın bir çox aparıcı dövlətləri ölkəmizin gənclər siyasəti modelindən istifadə edir. Biz bununla fəxr edirik. Hesab edirik ki, dünya hələ zaman-zaman Ulu Öndərin düşüncələrindən və gördüyü işlərdən bəhrələnəcək.

- Ümumiyyətlə, Ulu Öndərin gənclərə inamı çox böyük idi. Gənclərlə bağlı onun çox deyimləri, fikirləri var. Sizcə, hazırki gənclik bu ümidləri doğruldurmu?

- XXI əsrin çağırışları, sürətli düşüncə, çox qısa zaman kəsiyində dəyişikliklərin baş verməsi gəncliyin bu proseslərdən geri qalmamasını tələb edir. Mən sizin bu sualınıza cavab olaraq Ulu Öndərin bir idman, bir gənclər siyasətində canlı şahidi olduğum bir misalı diqqətinizə çatdırmaq istəyirəm. Rayonların birində Olimpiya Kompleksinin açılışında minlərlə kütlənin cəmləşdiyi bir məqamda Ulu Öndər öz nitqini saxlayaraq küləkli hava şəraiti olmasına baxmayaraq əlində Azərbaycan bayrağını saxlayan gənc qızı minlərlə insanın arasından seçərək səhnəyə dəvət edir. Bu Ulu Öndərin Azərbaycan bayrağına olan sevgisinin göstəricisi idi. Ümummilli Lider xanımın əlində tutduğu bayrağa olan sevgisini yüksək qiymətləndirərək ona töhfəsini, bayrağa olan sevgiyə diqqətini bildirmişdi. Ümummilli Lider haqqında saatlarla, günlərlə danışmaq olar. Belə misallar olduqca çoxdur.

- Ulu Öndər tərəfindən başlanan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclər siyasətinin inkişafı ilə bağlı nə kimi yeniliklər mövcuddur?

- Əvvəla biz demoqrafik problemi olmayan bir dövlətik və əhalimizin 60 faizini 35 yaşa qədər olanlar təşkil edir. Bu da o deməkdir ki, biz gənclər dövlətiyik. Bizim əhalimizin əksəriyyətini gənclər təşkil edir. Gənclərin çoxluq təşkil etməsi çoxmilyonlu ordu deməkdir. Bu gün Azərbaycanda "2011-2015-ci illər Dövlət Gənclər Proqramı" qəbul olunub ki, bu proqram gənclər siyasəti haqqında sonuncu qəbul olunan qanun, sənəd, normativ hüquqi aktdır və bu sənəd vətəndaşın ixtiyarına buraxılıb. Lakin burada ən vacib məqam ondan ibarətdir ki, sözügedən sənəd imzalamamışdan öncə ictimaiyyətin seçiminə verilmişdi. Belə ki, gənclərimiz sənədin hazırlanmasında bilavasitə iştirak edir öz təklif və istəklərini bildirmişdirlər. Nəticə etibarı sənəd təkliflər əsasında formalaşmış son hüquqi aktdır. Bu sənəd əsasında gənclərimizin problemləri daha da mükəmməl şəkildə həll ediləcək, onların inkişafına lazımi şərait yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə