Elmira Süleymanova Finlandiyanın səfirini qəbul edib

Elmira Süleymanova Finlandiyanın səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistana akkreditə olunan səyyar səfiri cənab Krister Mikelssonu onun xahişi ilə qəbul edib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüşdə Ombudsman təsisatı ilə Finlandiya Respublikası arasında insan hüquqlarının müdafiəsi sahəsində gələcək fəaliyyətin prioritet məsələləri barəsində fikir mübadiləsi aparılıb.

E. Süleymanova təsisatda əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşavirlərin təyin olunduğunu, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu nəzərə alaraq, Ombudsman təsisatı milli preventiv mexanizm kimi müəyyən edilən və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə nəzarətin də Ombudsmana həvalə olunduğunu bildirib.

Qeyd edilib ki, Müvəkkil tərəfindən yaradılan, Milli Preventiv Qrup səmərəli fəaliyyət göstərir, azadlıqdan məhrumetmə yerlərinə, həmçinin penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr həyata keçirir.

Ombudsman təsisatda aidiyyəti dövlət qurumlarının nümayəndələri və QHT təmsilçilərindən ibarət tərkibdə Biznes və insan hüquqları üzrə İşçi qrupunun yaradıldığını, qrup tərəfindən aktual məsələlərin ətraflı müzakirəsinin aparıldığını, təklif və tövsiyələrin hazırlanaraq müvafiq dövlət qurumlarına göndərildiyini bildirib.

E.Süleymanova ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini, fəaliyyətində hüquqi maarifləndirməyə böyük diqqət yetirildiyini söyləyib, təsisatda hazırlanan hüquqi nəşrlər haqqında geniş məlumat verib.

Qonaq səmimi qəbul və ətraflı fikir mübadiləsi üçün E.Süleymanovaya təşəkkür etmiş, Ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirmiş və onunla əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Görüşün sonunda Müvəkkil qonağın suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə