Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin "Şəhriyar" qəzetinin 05 May 2014-cü il tarixli, 265 saylı buraxılışında Ulu Öndərin həyatından bəhs edən məqalə dərc edilib. SİA həmin məqaləni təqdim edir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almağa başlamış, lakin müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1944-cü ildən dövlət təhlükəsizliyi orqanına işə göndərilən Heydər Əliyev 25 il bu sistemdə çalışaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Rusiyanın Sankt-Peterburq şəhərində xüsusi ali təhsil almış və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Heydər Əliyev 1969-cu ildən 13 il müddətində Azərbaycan SSR-nin rəhbəri olmuş, 1982-ci ildə Siyasi Büronun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilərək Moskvaya yollanmış və 6 ilə yaxın müddətdə SSRİ-nin əsas rəhbərlərindən biri olmuşdur. O, iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. H.Əliyevin bu vəzifələrdə işləməsi ona SSRİ hakimiyyətində müəyyən qüvvələrin Azərbaycan əleyhinə siyasətlərini görməsinə, bu qüvvələr qarşısında bir çox insanı qorumasına, SSRİ tərəfindən Azərbaycanın sərhəd bölgələrinin bir-birinin ardınca Ermənistana hədiyyə edilməsinin qarşısının alınmasına kömək etmişdir. 1987-ci ilin oktyabrında H.Əliyev Siyasi Büronun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermiş və bu istefadan cəmi 15 gün sonra Ermənistanın Dağlıq Qarabağa iddiaları rəsmi şəkildə səslənməyə başlamışdır.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ildə Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ildə Azərbaycana qayıdaraq həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuş, bu illərdə Naxçıvanın Ermənistanın işğalından qorunmasında və şəxsi münasibətlərindən istifadə edərək mühasirə vəziyyətində olan muxtar respublikanın İran və Türkiyə vasitəsilə iqtisadi-siyasi blokada vəziyyətindən çıxarılmasında, elektrik, qaz və s. təchizatında mühüm rol oynamışdır. Bu sahədə 1992-ci ildə İran İslam Respublikası ilə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin açılışı, Culfa sərhəd-keçid məntəqəsinin fəaliyyəti, İran ərazisindən tranzit keçidlərin həyata keçirilməsi muxtar respublikanın sosial-iqtisadi blokadadan çıxarılmasında əhəmiyyətli olmuşdur.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmış və Azərbaycanın o zamankı rəhbərləri onu rəsmən Bakıya dəvət etməyə məcbur olmuşdular. H.Əliyev 1993-cü il seçkilərində ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Yeni müstəqillik əldə edən Azərbaycanın müəyyən qüvvələr tərəfindən parçalanmadan qurtarılması, müstəqilliyin qorunması və möhkəmləndirilməsi, atəşkəsin əldə olunması, ordu və dövlət quruculuğu işlərinin sürətləndirilməsi, iqtisadi inkişaf, Azərbaycan torpaqlarının işğal olunması faktının dünya ölkələrinə çatdırılması onun müstəqil Azərbaycana rəhbərliyinin dövründə əldə olunan ən mühüm nailiyyətlər idi. Heydər Əliyev işğal olunmuş torpaqların azad edilməsi üçün gərgin diplomatik fəaliyyət apararaq 1996-cı ildə münaqişənin həlli ilə məşğul olan ATƏT-in 54 üzvündən Ermənistan istisna olmaqla, 53 dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə nail olmuş, lakin Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılması barədə danışıqlarda razılaşmaya gəlindiyi bir vaxtda münaqişənin həllini istəməyən müəyyən qüvvələr tərəfindən Ermənistanda dövlət çevrilişi edilməsi bunun qarşısını almışdır.
Heydər Əliyev Azərbaycan-İran münasibətlərini daim inkişaf etdirməyə can atır və bu barədə çıxışlarından birində deyirdi: "İran ilə Azərbaycan arasında olan əlaqələrin tarixi böyükdür. Bu, coxəsrlik tarixdir. Xalqlarımız əsrlər boyu yan-yana, bir yerdə yaşamış, eyni ənənələrə malik olaraq bir-birinə həmişə dayaq durmuşlar. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra İran ilə Azərbaycan arasındakı əlaqələr dövlət səviyyəsinə qalxıb və qarşılıqlı sürətdə faydalı dövlətlərarsı əlaqələrə çevrilibdir".
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB