AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi-praktik konfransı keçirilib FOTOLAR

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi-praktik konfransı keçirilib FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda fəaliyyət göstərən "Heydər Əliyev məktəbi"nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş növbəti ümumrespublika elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tədqiqinə dair institutda nəşr edilmiş elmi-tədqiqat əsərlərinin sərgisi ilə tanış olub, fəaliyyətinin bir sıra məqamlarını əks etdirən filmə baxıblar.

Tədbirdə çıxış edən Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ictimai siyasi həyatındakı fəaliyyətindən danışıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev suverenlik, xalqın birləşdirici simasıdır: "Ümummilli Lider hakimiyyətə gəldikdən sonra SSRİ dövründə inkişafı kifayət qədər təxirə salınmış Akademiyanın fəaliyyəti yenidən ön plana keçdi. Ölkəmizdə elmin inkişafına, respublika daxili və beynəlxalq elmi-praktik konfransların təşkilinə start verildi. Akademiyada Ulu Öndərlə bağlı keçirilən beynəlxalq konfranslar çərçivəsində 2 kitab çap olunub, biri isə yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Ümumilikdə isə Akademiya tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin bir sıra məqamlarını özündə əks etdirən 7 kitab çap olunub".

Konfransda iştirak edən AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli deyib ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir: "Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir".

Daha sonra tədbirin digər iştirakçıları da Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub, Azərbaycanın müasir inkişaf strategiyasında bu irsin roluna dair əsaslı təhlillər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə