“Ordudakı şərait gənclərin hərbi xidmətə olan marağını artırır” MÜSAHİBƏ
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Səs TV-yə müsahibəsi
- Emin müəllim, müstəqil Azərbaycanın silahlı qüvvələrinin yaranmasında Ulu Öndərin rolu danılmazdır. Məsələyə sizin münasibətinizi bilmək istərdik.
- Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu dövrdə, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoydu. O dövrdə azərbaycanlılar orduya çağırılsa da, hərbi xidmət əvəzinə onlardan ayrı-ayrı tikinti taborlarında işçi qüvvəsi kimi istifadə edirdilər. II dünya müharibəsini də təhlil etdikdə biz görürük ki, general Həzi Aslanov, Aslan Vəzirov və digərlərini çıxmaq şərti ilə bizim general və zabit ordumuz yox dərəcəsində idi. Hələ çar Rusiyası dönəmində də bəzi milyonçulardan rüşvət də alınmışdı ki, azərbaycanlılar hərbi xidmətə aparılmasın və məcburi xidmətdən kənar saxlanılsın. Bu çar Rusiyasının düşünülmüş siyasəti idi. Sonrakı illərdə, ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider bu siyasətin əleyhinə gedərək, Moskvanın təzyiqlərinə baxmayaraq bu hərbi lisey yaratdı. Liseyə ilkin illərində azərbaycanlılar az qəbul olunurdu. Lakin Ulu Öndər Heydər Əliyev sonralar özü bu işə şəxsən nəzarət etməyə başladı. Azərbaycanlı gənclər həmin məktəblərə qəbul edildi, hər il onlarla görüşlər keçirildi. Bundan başqa SSRİ-nin ayrı-ayrı mülki məktəblərində olduğu kimi hərbi məktəblərinə də azərbaycanlılar göndərildi.
- Sözünü etdiyiniz o gənc zabit kadrların xidmətindən Azərbaycan müstəqillik dönəmində yararlana bildimi?
- İstər Qarabağ müharibəsi zamanı, istərsə də müstəqilliyimizi qazananda biz o zabitlərdən çox istifadə etdik. Əgər o zabit kadr potensialımız olmasaydı 70-80-ci illərdə bir çox layihələrin təməli düzgün atılmasaydı, Azərbaycanın bugünkü müstəqilliyinin əsas prinsipləri, o cümlədən ordusu olmazdı. Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində iqtisadiyyatda, xarici siyasətdə bir çox sahələrdə olduğu kimi ordu quruculuq sahəsində də çox kobud səhvlər buraxıldı. Peşəkar zabitlər ordudan kənarlaşdırıldı. Silahlı Qüvvələrdə qeyri-peşəkarlar yüksək vəzifələr tutmağa başladırlar. Onlara yüksək rütbələr verilərək ordu işinə cəlb edildilər və bu da birinci Qarabağ müharibəsinin ilkin illərində acı məğlubiyyətlə nəticələndi.
- Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik hislərini, hərbiyə olan münasibətini necə qiymətləndirirsiniz?
- Son dövrlər bilirsiniz ki, əsgərliyə getmək hər bir gənc üçün bayrama çevrilib və hər kəs hərbi xidmətə getmək istəyir. Bunun bir neçə səbəbi var. Orduda yaradılan yüksək şərait, dövlətə inam, maddi-texniki bazanın yüksək olması, gənclərin vətənpərvərlik hissinin həddindən artıq yüksək olmasıdır. Eyni zamanda əsgər-zabit münasibətləri qaydasındadır. Bir də əsgərlikdə olanlara dövlət qulluğundan tutmuş bir çox məsələlərdə xüsusi imtiyaz verilir. Hüquq-mühafizə orqanlarında işləmək istəyən gənc mütləq hərbi xidməti keçməlidir. Hərbi xidmətə dövlətin və cəmiyyətin münasibət yaxşı mənada dəyişib. Sözsüz ki, sadalanan bütün bu amillər gənclərin hərbi xidmətə olan marağını daha artırır.
Mədinə Qurbanova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB