Azərbaycan Müəllimlər İnstitutunda Ulu Öndərə həsr edilən konfrans keçirilib
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən Tələbə Elmi Cəmiyyətinin VIII Konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Müəllimlər İnstitutu və onun Sumqayıt, Quba, Şəki, Zaqatala, Mingəçevir, Qazax, Şamaxı, Salyan, Ağcabədi, Cəlilabad filiallarından 120-yə qədər tələbə və gənc tədqiqatçı iştirak edib.
Səhər saatlarında qeydiyyat başlanıb, konfransın proqramı və tezislər kitabı iştirakçılara paylanıb. İştirakçıların institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etməsi və ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyulması ilə konfrans öz işinə başlayıb.
Konfransı plenar iclasında giriş sözü ilə İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, professor Mircəfər Həsənov açıb. Ulu Öndər Heydər Əliyev irsi, onun gənclərə, xüsusilə gənc müəllim və alimlərə qayğısından bəhs edərək, bu yolda addımlamağın Azərbaycanın gələcəyinin zəmanətçisi olduğunu gənc tədqiqatçıların nəzərinə çatdırıb. Prof. M.Həsənov institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə xanım Naxçıvanlının rəhbərliyi ilə institutda gənc tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, nailiyyətlərdən danışıb. İnstitutun elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli konfransın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq təqdim edilən tezislər içərisində Ümummilli Lider Heydər Əliyev irsinin araşdırılmasına və bu irsə gənc baxışın təqdim edilməsinə üstünlük verildiyini qeyd edib. Gənc tədqiqatçıların elm sahəsində ilk addımlarını atdıqları bu mərhələdə və bu dövrdə əsaslanmalı olduqları məqamlara diqqət çəkərək tövsiyələrini verib.
Gənc tədqiqatçılar - Aynurə Məcidli "Heydər Əliyevin ideya-nəzəri irsində klassik irsə münasibət", Minaxanım Əhmədli "Heydər Əliyev ideologiyasının təbliğində Azərbaycan gəncinin rolu", eləcə də Azərbaycan Müəllimlər İnstitutu Tələbə Elmi Cəmiyyətinin sədri Səbinə Səmədova "İnteraktiv təlimin keyfiyyət məsələsi" mövzusunda məruzə ediblər.
Daha sonra konfrans bölmə iclasları ilə öz işini davam etdirib. Gün boyu 6 bölmədə keçirilən konfransda maraqlı məruzələr dinlənilib. Konfransın bütün iştirakçılarına iştirak sertifikatı təqdim edilib. 9 gənc tədqiqatçı və fəal tələbə isə müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılıb.
Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunan bir sıra müsabiqələrin, o cümlədən, "Dama" oyunu üzrə institutdaxili tələbələrarası turnirin, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə institutdaxili ixtisaslararası çempionatın, "Əl işi" üzrə tələbələr arasında keçirilmiş müsabiqə, "Azərbaycan – Doğma diyar!" mövzusunda rəsm müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. Fakültələr arasında "Gül müsabiqəsi" keçirilib, maraqlı sərgi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB