Şura sədri Almaniyada bir sıra görüşlər keçirib FOTOLAR

Şura sədri Almaniyada bir sıra görüşlər keçirib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Bundestaqında bir sıra görüşlər keçirib.

Şuranın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azay Quliyev Bundestaqın Enerji və iqtisadiyyat, Xarici əlaqələr komitələrinin üzvü Yan Metzlerlə görüşdə ölkəmizin iqtisadi inkişafı, enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şuranın yaranması və fəaliyyəti haqqında məlumat verib.

Yan Metzler Bakı ilə qardaşlaşmış Mayns şəhərindən deputat seçildiyini bildirərək Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupuna üzv olmaq üçün müraciət etdiyini bildirib.

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı rol haqqında danışan Metzler bu günlərdə Aİ-nın enerji məsələləri üzrə komissarı Günter Ottingerlə bu mövzuda fikir mübadiləsi apardığının deyib.

Millət vəkili Azay Quliyev Bundestaqın Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı fraksiyasının üzvü Çarlz Huberlə də görüş keçirib. Çarlz Huber ölkəmizə böyük maraq göstərdiyini və onun inkişafını diqqətlə izlədiyini qeyd edib. Ölkəmizin iqtisadi inkişafı və enerji siyasətini daim izlədiyini bildirən Huber Almaniyanın EON şirkətinin ölkəmizin Şahdəniz layihəsinə qoşulmasından məmnunluğunu bildirib. Huber cari ilin iyun ayının ortalarında NATO PA-nın üzvü kimi ölkəmizə səfər edəcəyini qeyd edib. Almaniyalı millət vəkili Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu mövzusunda Berlində "dəyirmi masa" keçirməyi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə