Mayın 7-də Lənkəranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Xatirə parkında Gül bayramı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə təzə-tər qərənfil dəstələri qoyublar.
Sonra İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə "Gül bayramı"nda iştirak edib. Burada rayonun uşaq bağçaları kollektivlərinin güllərdən hazırladıqları rəngarəng dövlət atributlarına, fiqurlara, yubilyarla bağlı şəkillərə, pannolara, tablolara baxıbar. Fidanların ifasında şeirlər dinlənilib, şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Ulu Öndərə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi və kitablar nümayiş olunub.
Həmin gün Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.Əvvəl konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Mərkəzin rəsm studiyasının gənc rəssamlarının Ulu Öndərə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.
"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda keçirilən konfransı Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov giriş sözü ilə açdıqdan sonra geniş məruzə edib. Natiq bildirib ki, Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olub.Daha sonra qeyd edib ki, XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətində həmişə xalqın milli özünüdərkinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişi mühüm yer tutub. Bu illərdə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük dirçəlişə nail olan, ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarıb.
İcra başçısı daha sonra Dahi Rəhbərin ötən əsrin 70-80-ci illərində Lənkərana etdiyi tarixi səfərlərindən, həmin illərdə Lənkəranın iqtisadiyyatının sürətli inkişafından, rayonumuzun böyük tikinti meydançasına çevrilməsindən, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşmasından və s. məsələlərdən ətraflı söz açıb.
Taleh Qaraşov bildirib ki, 1993-cü ildə Azərbaycanın müasir milli inkişaf siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev 1993-2003-cü illərdə möhkəm iradəsi, uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində respublikamızın suverenliyini qoruyub saxlaya bilib, dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar olub, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirilib. Bu dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz bütün sahələr üzrə möhkəmləndirilib, ölkəmiz beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilib. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilib, gələcək inkişafının beynəlxalq təminatı yaradılıb. Ölkəmizin iqtisadi qüdrətinin artması əhalinin sosial rifahının yüksəldilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün əsaslı zəmin yaradıb.
İcra başçısı həmçinin müstəqillik illərində Dahi Rəhbərin Lənkərana göstərdiyi diqqət və qayğıdan, hazırda bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların müvəffəqiyyətlə yerinə yetirilməsindən danışıb, Ulu Öndərin ölməz, işıqlı xatirəsinin xalqımızın, o cümlədən lənkəranlıların qəlbində əbədi yaşayacağını əminliklə söyləyib.
Sonra məruzə ətrafında müzakirələrdə şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, rayon Qadınlar Şurasının sədri Elduzə Əhmədova, Xarici dillər təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev və Lənkəran Dövlət Universitetinin dosenti Rakif İbadov çıxış edərək Ümummilli Liderin şərəfli ömür yolu haqqında ürək sözlərini söyləyiblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB