Fikrət Türkmən: “Heydər Əliyevin dedikləri Atatürkün söylədikləri ilə paraleldir"

"Heydər Əliyev irsini prezident İlham Əliyevin davam etdirməsi Azərbaycan üçün bir şansdır”
Fikrət Türkmən: “Heydər Əliyevin dedikləri Atatürkün söylədikləri ilə paraleldir"

İzmir İqtisad Universitetinin türkçə koordinatoru Fikrət Türkmənin Səs TV-yə müsahibəsi

- Fikrət bəy, siz dəfələrlə ölkəmizdə olubsunuz. Azərbaycana budəfəki səfərinizin məqsədi nədir?

- Dahi öndər Heydər Əliyevin 91-ci ildönümü münasibətilə Slavyan Universitetində Beynəlxalq Konfrans keçirildi. Konfransın mövzusu Azərbaycanşünaslıq idi. Bu toplantıya müxtəlif ölkələrdən elm adamlar qatılmışdı. Tədbirdə Heydər Əliyevin göstərdiyi xidmətlərlə bağlı müxtəlif çıxışlar oldu, fikir mübadilələri aparıldı və fikrimcə çox faydalı işlər görüldü, çox faydalı elmi nəticələr əldə edildi. Mən də 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycandakı satirik düşüncənin, satirik ədəbiyyatın Azərbaycanın, xüsusilə də digər ölkələrin İranın, Osmanlı toplumunun bu təbliğatlardan təsirlənib təsirlənmədiyi məsələsində müəyyən nəticələr əldə etdim. Daim Azərbaycandakı hadisələri müşahidə etmişik, həmçinin istər Türkiyə Cümhuriyyəti vaxtı, istərsə də Osmanlı dönəmində Azərbaycan da Türkiyəni çox yaxından izləyib. Bu gün müşahidə edirəm ki, Bakıdakı yaşayış tərzi, mağazalar, bərbərlər, ağlınıza gələn hər şey Türkiyə ilə eynidir və Türkiyədən qarşılıqlı olaraq təsirlənirlər. Mən Azərbaycana 1984-cü ildən bəri gəlib-gedirəm və gəldiyim zamanlar universitetlərdə, konfranslarda, konqreslərdə və s. görüşlərdə iştirak edirəm. İndi xüsusilə onu vurğulamaq lazımdır ki, Azərbaycan xalqında da, Türkiyədə də belə bir yanlış fikir var – Azərbaycanla Türkiyə ayrı dövlətlərdir, Azərbaycanla Türkiyə ayrı millətdir və s. Belə bir şey yoxdur. Bunu mərhum Heydər Əliyev çox gözəl ifadə etmişdi: "İki dövlət, bir millət".

- Azərbaycandakı, paytaxtımız Bakıdakı inkişafı necə dəyərləndirərdiniz?

- Biz bir millətik, ona görə də mən Azərbaycana və ya Bakıya gələndə Ərzuruma, Kayseriyə, Antalyaya, İzmirə, Ədirnəyə necə gedirəmsə, orada qürbət duyğusunu hiss edirəmsə, burda da hiss edirəm, etmirəmsə burda da etmirəm. Demək istəyirəm ki, mənim adlarını sadaladığım bu şəhərlərlə Bakıya gəlib getməyimin arasında heç bir fərq yoxdur. Biz Azərbaycandakı hadisələri çox yaxından izləyirik. Mən həmişə fikirlərimdə bunu vurğulayıram, keşkə Azərbaycanda, Bakı şəhərində küçələr geniş olsaydı, nəqliyyat problemi olmasaydı, binalar köhnəlməsə idi yaxşı olardı, deyə düşünürdük. Və gerçəklə qarşılaşırıq, bizim xəyal etdiyimiz Bakı ilə gerçək Bakı fərqlidir. Mən bunu çox rahatlıqla və qürurla söyləyə bilərəm ki, Bakıda gerçək xəyalı üstələyib, yəni indi Bakı xəyal etdiyimizdən daha çox inkişaf edib. Bu yetərlidirmi? Əlbəttə deyil. Çünki bir millət, bir dövlət inkişaf etmək məcburiyyətindədir.

- Fikrət bəy, söylədiniz ki, budəfəki səfəriniz məqsədi Ulu Öndər Heydər Əliyevin 91 illiyi münasibəti ilə keçirilən tədbirlərə qatılmaqdır. Ulu Öndərlə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

– Mən bu mənada çox şanslı bir insanam, çünki mən Ulu Öndəri tanıdım, onunla şəkillərimiz də var. Mən kitablarımda da Heydər Əliyevlə bağlı şəkillərimdən istifadə etmişəm. Həmçinin, mənim Heydər Əliyevlə birgə toplantılarım, görüşlərim olub. Mənə görə Heydər Əliyevin üstünlüyü bu idi ki, o SSRİ sistemini çox yaxşı bilən dahi siyasətçi idi. Son dərəcə millətini, ölkəsini ziyanın kənarında tuta bilən siyasətçi idi. Onun kitablarının hamısı məndə var. Söylədiyi fikirləri izləyirəm. Dedikləri Atatürkün söylədikləri ilə paraleldir. Bir dövlət yaratmaq asan iş deyil. Hələ başqa bir ölkənin müstəmləkəsində olmuş bir milləti oyatmaq, onu düzgün yola gətirmək və o yolda düzgün addımlamasını təmin etmək heç asan deyil. Heydər Əliyev bunu etdi. Heydər Əliyev irsini prezident İlham Əliyevin davam etdirməsi Azərbaycan üçün bir şansdır. Keçən dəfə Avropadakı bir toplantıda Türkiyə yox idi, Ermənistan prezidenti Türkiyə əleyhinə danışan zaman İlham Əliyevin çıxışı Türkiyədə müsbət bir iz buraxdı. Bu cür jestlər qarşılıqlı olaraq davam etdirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə