Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) innovativ texnologiyaların tətbiqi sahəsində bir sıra elmi-tədqiqat işləri aparıb. SİA-nın xəbərinə görə, yağlayıcı-soyuducu mayelərin işləmə müddətini xeyli uzadan aşqar, kənd təsərrüfatı məhsullarının tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq məhlulları üçün reagent, ekoloji problemlər yaradan işlənmiş yağların regenerasiya texnologiyası, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən aşqar son illərdə həyata keçirilən elmi nailiyyətlərin nəticəsi kimi meydana çıxıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, müəssisənin fəaliyyətində fundamental tədqiqatlarla yanaşı, ölkə iqtisadiyyatının inkişafına və müdafiə qabiliyyətinin artırılmasına yönələn tətbiqi xarakterli işlər də xüsusi yer tutur. Eyni zamanda qeyd edilib ki, ölkəmiz tarixən neft hasilatı və emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş SSRİ-də aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə məhz Azərbaycanda həyata keçirilib.
Mövzu ilə əlaqədar institutun direktoru, akademik Vaqif Fərzəliyev "Aşqarlar Kimyası İnstitutunun bəzi elmi nailiyyətlərinin innovativ perspektivləri" adlı məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, institut tərəfindən müasir və perspektiv tələblərə cavab verən aşqarların yaradılması və onların əsasında yüksək keyfiyyətli, xüsusi təyinatlı sürtkü və yanacaq kompozisiyaları və eləcə də digər xüsusi mayelərin işlənib hazırlanması sahəsində araşdırmalar aparılır. Elmi nəticələr istehsalatın neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı sahələri ilə əlaqədardır. Məruzədə vurğulanıb ki, AKİ tərəfindən yaradılmış texnologiyalar Azərbaycan, Rusiya, Ukrayna və Belarusiyada tətbiq edilib.
Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, elmi-tədqiqat işlərini "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasına uyğun aparmaq və innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlər həyata keçirmək tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB