“Azərenerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub

“Azərenerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub

Bu gün "Azərenerji" ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları öncə inzibati binada Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Səhmdar Cəmiyyətin akt zalında davam etdirilib. Dəyirmi masa iştirakçıları Ulu Öndərin əbədi xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil etdiyini bildirib: "Belə ki, bu tarix dövlətimizin iqtisadi potensialının artmasına, çoxşaxəli inkişafına uğurlu yol açıb. O cümlədən, Azərbaycan elektrik enerjisi sisteminin sürətli inkişaf dövrü də məhz Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçildiyi ildən başlanıb və Azərbaycanda müstəqil enerji sistemi formalaşıb, dövlətimizin enerji təhlükəsizliyi təmin olunub. Məhz onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə 3500 MVt-a yaxın generasiya gücü işə salınıb. Bununla yanaşı, Azərbaycanın elektrik enerjisi sisteminin qonşu dövlətlərin enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqil dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs edib. Dahi şəxsiyyət və qüdrətli siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açan millət vəkili Ulu Öndər tərəfindən əsası qoyulan və on ildən artıq bir müddətdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu siyasətinin bütün sahələrdə dövlətimizin təhlükəsizliyini tam təmin etdiyini vurğrlayıb, uğurlu iqtisadi siyasətin, o cümlədən enerji siyasətinin ölkəmizin dinamik inkişafına, xalqımızın rifahının daha da yüksəldilməsinə möhkəm zəmin yaratdığını bildirib.

"Azərenerji" ASC-nin tədbirdə çıxış nümayəndələri də həyatı boyu xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə görülən işlər, əldə edilən nailiyyətlər barədə ətraflı danışıblar.

Tədbirin sonunda Ulu Öndərin fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə