Ombudsman Aparatında Ümummili Liderin 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Ombudsman Aparatında Ümummili Liderin 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatın əməkdaşları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci il ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Liderin abidəsi önünə əklil qoyublar. Daha sonra Ombudsman Aparatında bununla əlaqədar "Heydər Əliyev və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə E.Süleymanova dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərini diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirib.

Ombudsman Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində Ulu Öndər Heydər Əliyevin rolu haqqında ətraflı məlumat verib. O, Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdə siyasi-iqtisadi sabitliyin bərqərar olunduğunu, insan hüquq və azadlıqlarını müdafiəsi istiqamətində mühüm islahatların həyata keçirildiyini qeyd edib.

E.Süleymanova qeyd edib ki, bu fenomenal şəxsiyyətin ən böyük amalı müstəqil Azərbaycan dövlətinin davamlı inkişafına nail olmaq idi. Ümummilli Liderin respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi vurğulanıb.

Müvəkkil müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımızın insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələndiyini, insan hüquq və azadlıqlarının müdafiəsində mühüm vasitə olan, Ümummilli Liderin banisi olduğu Ombudsman təsisatının müstəqil fəaliyyət göstərməsinin deyilənlərin bariz nümunəsi olduğunu vurğulayıb. Müvəkkil təsisatının qısa müddət ərzində özünü təsdiqlədiyi və dinamik fəaliyyət göstərdiyi, hazırda müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

Ümummilli Liderin imzası ilə insan hüquqlarının müdafiəsi üzrə ilk Dövlət Proqramının qəbul edildiyi 18 iyun tarixinin ölkəmizdə Milli İnsan Hüquqları günü kimi qeyd olunması, habelə Ulu Öndərin 1998-ci il, daha sonra isə ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı il İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının, o cümlədən 2011-ci ildə təsdiq olunmuş, uğurla tətbiq edilən Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.

Habelə, E.Süleymanova Ümummilli Liderin Azərbaycan Respublikası Konstitusiyasının memarı olduğunu, məhz onun təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Qanunumuzun, mütərəqqi qanunların, siyasi, iqtisadi və hüquqi islahatların ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsaslarını yaratdığını bildirib, bunun nəticəsində respublikamızın hüquq sisteminin, habelə insan hüquq və azadlıqlarının müdafiəsi vəziyyətinin dünya, Avropa standartlarına cavab verdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə