Mahnılar uşaqların bədii-estetik tərbiyəsinə və psixologiyasına təsir edir ARAŞDIRMA
Məlumdur ki, hazırda bəstəkarlar uşaq musiqilərinə önəm vermirlər. Uşaq musiqiləri bəstələyən müasir bəstəkarlar yox dərəcəsindədir. Bu isə uşaqların onlar üçün deyil, böyüklər üçün nəzərdə tutulmuş mahnılara qulaq asmasına gətirib çıxarır. Böyüklər üçün nəzərdə tutulan mahnılar isə uşaqların psixologiyasına mənfi təsir edir.
Bəstəkarların uşaqlar üçün musiqi bəstələməməsinin səbəbləri isə əksər hallarda bu musiqiləri sata bilməmələri və mahnıların populyarlıq qazana bilməməsidir. Bunun nəticəsidir ki, uşaqlar üçün yazılan mahnıların əksəriyyəti ötən dövrlərdən qalanlardır.
Hazırda ölkəmizdə uşaqlar üçün əyləncə mərkəzlərində, atraksionlarda da məhz böyüklər üçün nəzərdə tutulmuş müxtəlif mövzuda olan mahnılar səsləndirilir ki, bu da məcburi surətdə uşaqların şüuraltında hələ onlara lazım olmayan informasiyalar yaradır. Bütün bunlar uşaqlarda psixoloji dəyişikliklərə yol açır və yaşına uyğun olamayan müxtəlif vərdişlərə, nevroza, aqressivliyə gətirib çıxardır.
"Uşaqlarda nevrozun, aqressivliyin yaranmasında ətraf mühitin, kinoların, mahnıların mühim rolu var"
Mövzu ilə bağlı psixoloq Şəhla Vəliyeva ilə əlaqə saxladıq. O, böyüklər üçün nəzərdə tutulmuş mahnıların həqiqətən də uşaqlarda psixoloji travma yaratdığını bildirdi: "Əvvəllər uşaq mahnıları çox idi. Belə müxtəlif mövzularda mahnılar hətta cizgi filimlərində də olurdu. Amma indi uşaq mahnıları yox dərəcəsindədir. Hətta cizgi filimlərində belə aqressiv müsiqilər verilir. Əyləncə mərkəzərində böyüklər üçün olan templi musiqilər uşaqların psixologiyasına təsir edir. Uşaqlar özlərini böyük kimi aparmağa başlayırlar, kliplərdə gördükləri kimi geyinməyə, hərəkət etməyə çalışırlar. Əslində indi efirdə verilən cizgi filmlərini də uşaqlara göstərmək olmaq. Düzdür, əvvəllər də cizgi filimlərində aqressivlik olub, məsələn canavarın dovşanı yemək istəməsi və s. Amma orada pozitivlik, uşaqlara yanaşma, tərbiyəvi nümunələr daha çox idi. Uşaqlarda nevrozun, aqressivliyin yaranmasında ətraf mühitin, kinoların, mahnıların mühim rolu var".
"Bu istiqamətdə vəziyyət acınacaqlıdır"
Bəstəkar Nazim Məmmədov isə bu barədə yeni-yeni düşünməyə başladığını etiraf etdi: "Hazırda bu istiqamətdəki vəziyyət acınacaqlıdır. Bəstəkar olsam da, daim böyükləri nəzərdə tutub musiqilər yazmışam. Sevgi, vətənpərvərlik və s. mövzularda mahnılar bəstələmişəm. Övladım dünyaya gələnədək buna heç vaxt fikir verməmişdim. Ancaq qızım dünyaya gələndən sonra, bu sahədə nə qədər qıtlıq olduğunu hiss etdim. Qızım yalnız Oqtay Zülfüqarovun uşaqlar üçün bəstələdiyi "Nağaramı çalıram" adlı mahnını eşidəndə oynayıb, əl çalır.
İndi hiss edirəm ki, nə dərəcədə yanlışlığa yol vermişik. Bəstəkarlar uşaqları da nəzərə almalıdırlar. Onları böyüklər üçün olan musiqilərlə yükləmək olmaz. Bu, uşaqların psixologiyasına təsir edir. Bundan sonra mən də uşaq mahnıları bəstələmək üçün cəhd edəcəyəm".
"Uşaqların bədii-estetik tərbiyəsinə, zövqünün inkişafına bu çür bayağı, primitiv mahnılar olduqca mənfi təsir göstərir"
Bəstəkarlar İttifaqının üzvü, bəstəkar, pianoçu Rəna Qədimova isə əvvəlki dövrlərlə müqayisədə müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün daha çox müxtəlif janrlı əsərlər yazıqlarını qeyd etdi: "Həmin əsərlərin içində solo mahnılar, musiqi tamaşaları, operalar, fortepiano üçün musiqilər də var. Vaxtilə Tofiq Quliyev, Qəmbər Hüseynli, Ağabacı Rzayeva və digər görkəmli bəstəkarlarımız uşaqlar üçün əsərlər yazıblar. İndiki dövrdə Adilə Yusifova, Elnarə Dadaşova, Azər Dadaşov, İlham Abdullayev və mən uşaqlar üçün müxtəlif janrlı əsərlər yazırıq. Həmin əsərlərin çoxusu uşaq xoru, istedadlı gənclər tərəfindən müxtəlif tədbirlərdə, konsert salonlarında, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində səsləndirilir.
Doğrudur, uşaqlar üçün nəzərdə tutulmuş müxtəlif əyləncə mərkəzlərində böyüklər üçün yazılmış mahnılar daha çox səsləndirilir. Bu, uşaqlar üçün yazılan mahnıların qıtlığından deyil, birbaşa kommersiya ilə bağlıdır. Çox vaxt nəinki uşaq əyləncə mərkəzlərində, hətta televiziyalarda səslənən mahnıların peşəkarlıq səviyyəsi sual altındadır. Uşaqların bədii-estetik tərbiyəsinə, zövqünün inkişafına bu cür bayağı, primitiv mahnılar olduqca mənfi təsir göstərir. Əfsuslar olsun ki, dəbdən geridə qalmaq qorxusu milli dəyərlərimizi üstələyir. Uşaqların bədii-estetik zövqünün inkişafına həm valideynlər, həm müəllimlər, həm də peşakar bəstəkarlar ciddi fikir verməli, bununla müntəzəm məşğul olmalıdırlar. Əlbətdə, bunların hamısı vaxt, səbr, gənc istedadlara diqqət tələb edir. Çalışmalıyıq ki, uşaqlarımızın gələcəyi, onların inkişafı, müasir dünya incəsənətinə ineqrasiyasına nail ola bilək".
Beləliklə, mütəxəssislərin də bildirdiyi kimi, mahnıların uşaqların psixoloji durumuna böyük təsiri var. Uşaqların bədii-estetik tərbiyəsinin düzgün şəkildə inkişafı üçün ilk növbədə valideynlər mahnı seçiminə diqqət yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB