Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev və türkdilli xalqların inteqrasiyası" mövzusunda elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva qloballaşan dünyada inteqrasiya proseslərinin getdikcə daha böyük vüsət aldığını qeyd edərək, xalqlar və ölkələrin sürətlə bir-birinə yaxınlaşdığını, hətta lokal və regional problemlərin belə əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarıldığını bildirib.
Onun sözlərinə görə, təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil: "Bu, türkdilli ölkələrə də aiddir. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatı infrastrukturunun yaradılması prosesində xeyli tərəqqi olduğunu və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyi xüsusi vurğulanmalıdır. Qədim və zəngin mədəniyyətə malik olan, bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş etmiş türk dünyası xalqlarının bu sahədə əməkdaşlığının daha da genişləndirilməsi vacibdir".
Türkdilli xalqların əməkdaşlığının uğurlarından danışan G. Baxşəliyeva Ulu öndər Heydər Əliyevin türk dünyasının problemlərinə daim diqqət ayırdığını vurğulayıb: "Ulu öndər Heydər Əliyev İstanbulda İqtisadi əməkdaşlıq Təşkilatının II forumunun iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində özünün türklük düşüncəsinin əsas aspektlərini açıqlamışdır: ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması, türk dünyasının birliyinə çalışılması və həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi. Türk dünyasına məxsus, indi müstəqil dövlətlərə çevrilən sabiq sovet respublikaları ilə qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin bərpası və inkişaf etdirilməsi məhz həmin prinsiplərdən irəli gəlirdi. Azərbaycan indiyə qədər türk dövlətlərinin bütün sammitlərində iştirak etmiş, bu ittifaqı möhkəmləndirmək üçün əlindən gələni əsirgəməyib".
G. Baxşəliyeva Ulu öndərin türk xalqlarının birliyinin əhəmiyyəti haqqında 2001-ci ildə Türkdilli dövlət başçılarının VII zirvə görüşündə söylədiyi fikirləri də xatırladıb: "Müstəqillik qazandıqdan sonra xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə ortaq mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, mili mənəvi dəyərlərimizin bərpası baxımından bir sıra müsbət nəticələr vermiş və gələcək üçün aydın perspektivlər açıb. Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər. Xalqlarımızın çoxəsrlik dövlətçilik ənənələri, zəngin mədəniyyəti, yüksək humanist keyfiyyəti vardır. Hələ keçən əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz "dildə, fikirdə və əməldə birlik" şüarı ilə çıxış edirdilər. Biz uzun və çətin mübarizələrdən sonra yalnız XX əsrin sonunla bu istiqamətdə böyük irəliləyişə nail oluruq".
Daha sonra Şərqşünaslıq İnstitutunun "Şərq-Qərb" şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyevin "Heydər Əliyev və türk dünyasının qlobal iqtisadiyyata inteqrasiyası", İnstitutun "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın "Türk xalqlarının müasir mədən-ədəbi əlaqələri və Heydər Əliyev" mövzusunda və digər məruzələr dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB