AHİK üçtərəfli komissiyanın yaradılmasının üstünlüklərini müzakirə edib FOTO
Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının birgə təşəbbüsü ilə "Üçtərəfli komissiyanın yaradılmasının üstünlükləri. BƏT-in baxışı, dünya təcrübəsi" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev bildirib ki, son illərdə Azərbaycandakı stabil sosial-iqtisadi inkişaf, ictimai-siyasi həyatdakı mütərəqqi dəyişikliklər həmkarlar ittifaqlarının, dövlətin sosial rolunun, işəgötürənlər və işçilər arasında münasibətlərin əhəmiyyətli surətdə dəyişməsinə gətirib çıxarıb.
Onun sözlərinə görə, AHİK hökumətlə, işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olub, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr verib, sivil sosial tərəfdaşlığı inkişaf etdirib: "Əməkdaşlığın əsasını hər şeydən əvvəl Baş Kollektiv Saziş təşkil edir. Baş Kollektiv Saziş imzalananadək hökumətin, AHİK-in və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndərindən ibarət üçtərəfli komissiya yaradırdıq ki, o da bütün münaqişəli məsələləri həll edirdi. Lakin Baş Kollektiv Sazişin, yəni sosial-iqtisadi siyasət üzrə əsas sənədin həyata keçirilmə təcrübəsi göstərir ki, respublikamızda daim fəaliyyət göstərən və bütün problemli məsələləri kompleks şəkildə həll etmək səlahiyyətinə malik olan bir orqanın yaradılmasına ehtiyac var".
O həmçinin qeyd edib ki, 2012-2013-cü illər üzrə bağlanan Baş Kollektiv Sazişdə Azərbaycanda da sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli komissiyanın yaradılması nəzərdə tutulub: "Tərəfimizdən Komissiyanın Əsasnaməsi işlənib hazırlanıb ki, bura ölkədə sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədi ilə sosial dialoqun inkişafına dəstək vermək kimi tələblər daxil edilib. Sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi ilə bağlı məsələlər üzrə mərkəzi icra hakimiyyəti orqanları ilə məsləhətləşmələr aparmaq, zəruri hallarda müvafiq icra hakimiyyəti orqanlarından, həmkarlar ittifaqları və işəgötürənlərin birliklərindən məlumatlar almaq, sosial tərəfdaşlıq və sosial-əmək münasibətləri məsələləri üzrə qarşılıqlı tədbirlərdə iştirak etmək və digər məsələlər də Komissiyanın səlahiyyətlərini təşkil edir. Əsasnamə sosial tərəfdaşların da təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub və hazırda işçi qrupu yaradılıb".
"Ümid edirəm ki, tezliklə bu məsələ öz müsbət həllini tapacaq. Çünki Azərbaycan Həmkarlar İttifaqları dünya təcrübəsindən yararlanaraq öz üzvlərinin sosial və iqtisadi hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin həllini razılaşdırılmış siyasətin həyata keçirilməsində, sosial tərəfdaşlar olan Azərbaycan hökuməti və Sahibkarlar (İşəgötürənlər) təşkilatları Milli Konfederasiyası ilə konstruktiv əməkdaşlıq etməkdə, Beynəlxalq Əmək Təşkilatının prinsiplərinə uyğun şəkildə Üçtərəfli komissiyanın yaradılmasında və onun uğurla fəaliyyətində görür. Hesab edirəm ki, BƏT-in dəstəyi ilə keçirilən bugünkü seminarın iştirakçıları beynəlxaq ekspertlərlə birlikdə üçtərəfli komissiyanın formalaşması, onun qarşısında duran vəzifələr barədə dünya təcrübəsini və BƏT-in Konvensiyalarının tələblərini nəzərə alaraq öz tövsiyələrini verməklə, sosial tərəfdaşlarla aparılan işin bir daha canlandırılmasına öz töhvələrini verəcəklər"- deyə, AHİK-in sədr müavini mövzu ilə bağlı fikirlərinə əlavə edib.
Qeyd edək ki, seminar mövzu ətrafında müzakirələrlə davam edib.
.jpg)
.jpg)
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB