Gənclər arasında "Avtotəlim-2" layihəsinə start verilib FOTO

Gənclər arasında "Avtotəlim-2" layihəsinə start verilib FOTO

"ASAN xidmət" mərkəzi, Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı "Avtotəlim-2" layihəsinə start verir. SİA-nın xəbərinə görə, layihənin təqdimatında Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, yol hərəkəti üzrə ekspert polkovnik-leytenant Əziz Talıbov, "ASAN xidmət" mərkəzinin nümayəndəsi Cahangir Hacıyev, layihənin mütəxəssisi Nahid İbrahimov və Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Asif Səfərli iştirak ediblər.

"Avtotəlim-2"nin mütəxəssisi N.İbrahimov deyib ki, həyata keçirilən ilk layihə uğurla başa çatıb. Layihənin məqsədi gəncləri yol hərəkəti qaydaları haqqında daha çox maarifləndirmək, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə töhfə verməkdir.

Onun sözlərinə görə, bu günədək layihədə iştirak etmək üçün 400-dən çox gənc müraciət edib, onlardan yalnız 135 nəfər növbəti mərhələyə keçə bilib: "Gənclərə bir ay boyunca 8 təlim keçiriləcək. Sonda onlar sürücülük vəsiqəsi almaq imkanı əldə edəcəklər. Bunun üçün onlar BDYPİ-də 2 mərhələdən ibarət imtahan verməli olacaqlar".

Yol hərəkəti üzrə ekspert polkovnik-leytenant Ə.Talıbovun fikrincə, cəmiyyətdə əsas problemlərdən biri də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün insanlar ilk növbədə yol mədəniyyətinə və yol hərəkəti qaydaları haqqında biliklərə sahib olmalıdır.

V.Əsədov isə Bakıda baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə ətraflı məlumat verib. Bölmə rəisi qeyd edib ki, belə maarifləndirici layihələrin həyata keçirilməsi çox böyük önəm daşıyır və onların müsbət rolu çoxdur.

Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri A.Səfərli isə bildirib ki, layihəyə oğlanlardan daha çox qızlar maraq göstəriblər. Onun fikrincə, ölkədə nə qədər çox nümunəvi sürücü olarsa, yollarda təhlükəsizlik daha çox təmin olunar.

Bütün xəbərlər Facebook səhifəmizdə