Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasın gündəliyində 2 məsələnin- "Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanun layihəsinin müzakirəsi yer alıb.
Qanun layihəsi barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün 2 şərt var: "Şərtlərdən biri bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalı və həmin ərazidə 5 nəfər də olsa insan yaşamalıdır. Bu da ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı çox idi".
Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi: "Sonradan qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-a endirildi. Yeni qanuna əsasən 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir".
Sədr həmçinin qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur: "Bu, əsasən Bakıda böyük problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır. Belə olduğu təqdirdə gərək xüsusi mülkiyyətdə, eləcə də bələdiyyələrin, dövlət sərəncamında olan torpaqlar ayrılsın. Təbii ki, bunun nəticəsi olaraq bələdiyyələr dövlət reyestrindən keçməli və onlara şəhadətnamələr verilməyəcək. Bu məsələni Ədliyyə Nazirliyinin Bələdiyyələrin iş mərkəzinin fəaliyyətini dinləyərkən qabarıq şəkildə müzakirə etmişik".
Məlumat üçün bildirək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən-2, Fizuli-3, Goranboy, Quba, Şəmkir, Tərtər-4, Zaqatala- 6, Şamaxı-8, Gədəbəy-11, Ağdaş- 15, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.
Qeyd edık ki, hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB