AQPDK Ulu Öndərlə bağlı yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı FOTO

AQPDK Ulu Öndərlə bağlı yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı FOTO

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ithaf olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə komtə sədri Hicran Hüseynova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, millət vəkilləri, QHT rəhbərləri, mətbuat nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən komitə sədri Hicran Hüseynova qonaqları salamlayaraq, müsabiqədə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Yazı müsabiqəsinin Ulu Öndər Heydər Əliyevə həsr olunduğunu deyən H.Hüseynova söyləyib ki, müsabiqəyə- 50 dən çox yazının təqdim edilməsi mövzunun aktuallığından xəbər verir: "Yazıların içərisində yüksək səviyyəli yazı olmasa da, müsabiqədə iştirak etməyin özünü yüksək qiymətləndirmək olar. Qadın məsələləri çox mühümdür. Bu sahəyə diqqət ayrılması vacibdir. Bu müsabiqədən sonra belə bir qənaətə gəldik ki, qadın hüquqları və problemləri ilə bağlı jurnalistlərlə xüsusi fəaliyyət göstərməliyik".

Ümummilli Lider Heydər Əliyevin qadın siyasətinə ayırdığı diqqət və qayğısından danışan komitə sədri bildirib ki, Ulu Öndər hansı dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, bu sahəni daim diqqətdə saxlayıb: "Onun böyük siyasi addımlarından biri qadınlarla bağlı qurumun yaradılması idi. Ulu Öndər bu addımın davamı olaraq bir çox sərəncamlar imzalayıb ki, bunlar da qadın siyasətinin inkişafında böyük rola malik idi. Ulu Öndər tərəfindən başlanan iş hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna əyani sübut rayon və şəhər icra hakimiyyətlərində qadınların vəzifə almasıdır. Qadınlar artıq dövlət siyasətinin inkişafında mühüm rola malikdirlər".

Tədbirin davamında söz alan Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Ulu Öndərin ölkənin inkişafında və mətbuat azadlığı istiqamətində gördüyü işlər haqqında danışıb. O bildirib ki, ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ulu Öndərin izləri görünməsin: "Ümummilli Liderlə bağlı danışmaq üçün uzun saatlar lazımdır. Ulu öndər gördüyü işləri paralel şəkildə həyata keçirib. Əgər belə olmasaydı, bu gün hər hansı bir inkişafdan danışmaq belə olmazdı. Ulu Öndərin həyata keçirdiyi işlər sırasında mətbuatın xüsusi yeri olub. Ümummilli Lider çox gözəl bilirdi ki, mətbuat cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır. Məhz bu səbəbdən də Ulu Öndər mətbuatın inkişafına dair mühüm addımlar atıb, bu sahənin inkişafına dair böyük əhəmiyyətli Sərəncamlar imzalayıb. Ulu Öndərin bu sahə ilə bağlı atdığı əsas addım isə senzuranın ləğvi idi. Ümummilli Lider bu addımı ilə mətbuatın inkişafına, onun azad fəaliyyətinə böyük töhfə vermiş oldu. O, mətbuatın azad fəaliyyətini təmin etdi. Digər mühüm addım KİV haqqında qanun idi ki, bu qanun da jurnalistlərin geniş fəaliyyəti üçün böyük rola malik oldu".

Tədbirin davamında çıxış edən millət vəkili Qənirə Paşayeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digərləri Ulu Öndərlə bağlı xoş sözlərini bildiriblər.

Tədbirin sonunda yazı müsabiqəsinin qalibləri diplom və pul mükafatı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabanda olublar. Onlar Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun üzərinə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə