Mətbuat Şurasında Ümumilli Liderin 91-ci ildönümü ilə bağlı tədbir keçirilib
Azərbaycan Mətbuat Şurasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı mərasim keçirilib. SİA-nın xəbərinə görə, Şuranın Ahıl Jurnalistlər Məclisinin xəttilə düzənlənən mərasimdə əsasən bu böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistika sahəsində fəaliyyət göstərmiş yaşlı qələm sahibləri iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov bildirib ki, XX əsrin görkəmli dövlət və siyasət adamı olan Ulu Öndər Heydər Əliyevin nəsillərə örnək həyat yolu və mübarizəsi milli jurnalistikamızla qırılmaz tellərlə bağlı olub. Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bu bağlantı ölkəmizin sistemli dövlət siyasətinin başlıca konturlarını müəyyənləşdirməyə başlayıb. Kütləvi informasiya vasitələrimizin hərtərəfli inkişafı sahəsində atılan addımlar nəticə etibarilə cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə gətirib. Mövcud kurs mediaya dövlət dəstəyinin timsalında daha dolğun bir şəkildə həyata keçirilməkdə və dərinləşdirilməkdədir: "Hesab edirəm ki, bu gün bura toplaşanların hər birinin deməyə sözü, bölüşməyə xatirəsi var. Ümumilli Lider Heydər Əliyevlə eyni dövrdə yaşayıb yaratmaq xoş xatirə zənginliyi ilə yanaşı, böyük məsuliyyətdir. Sizlərin hər biri bu məsuliyyəti çiyinlərinizdə daşıyaraq əsl jurnalistika dəyərlərini yaşatmış peşəkarlarısınız".
Ə.Amaşov Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsində milli mətbuatımızda gedən nümunələrin misilsiz önəm kəsb etdiyini vurğulayıb, bununla bağlı konkret məqamlardan söz açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu Heydər Əliyev şəxsiyyətinin mediaya, azad sözə konseptual baxışlarına varisliyin nəticəsi olaraq yaranıb. O, Ulu Öndərin cəmiyyətdə demokratik fikrin formalaşmasında jurnalist fəaliyyətinin müxtəlif aspektlərinə önəm verdiyini diqqətə çatdırıb və bildirib ki, media sahəsində görüləcək işlər mövcud təmələ əsaslanır.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov Ümummilli Lider Heydər Əliyevi Azərbaycanın tərəqqisi naminə görülən işlərdə jurnalistikanın gücündən məharətlə istifadə edən şəxsiyyət kimi dəyərləndirib: "Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-nin tənəzzüllə üzləşmiş əyalətindən inkişaf göstəriciləri baxımdan yüksəkdə dayanan respublikaya çevirib. Mövcud prosesdə mətbuatın gücünə verdiyi önəm xüsusi vurğulanmalıdır. O, jurnalistlərin böyük dostu və himayədarı idi. İkinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə eyni münasibət daha parlaq nümunələrdə ifadəsini tapdı. Bu, ölkəmizin müstəqil dövlət kimi möhkəmlənməsinə və dünya miqyasında tanınmasına yönələn siyasətin mühüm tərkib hissəsi idi".
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə media amilinin Ulu Öndər Heydər Əliyev siyasi kursunda aparıcı mövqe tutduğunu bildirib və qeyd edib ki, Ümumilli Lider jurnalistikaya verdiyi dəyər demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə hesablanmış ən mühüm addımlardandır. Bunu hər bir qələm sahibi layiqincə dəyərləndirməlidir.
Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini, əməkdar jurnalist Məzahir Süleymanzadə, MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, "Təhsil və zaman" qəzetinin baş redaktoru, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, "Assa iradə" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları Ulu Öndər Heydər Əliyev və KİV mövzusunun müxtəlif istiqamətlərinə aydınlıq gətiriblər. Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevin böyük həyat yolunun ayrı-ayrı cəhətlərinin, zəngin ideya irsinin yeni nəsillərə çatdırılması ilə bağlı sistemli fəaliyyətdə medianın daşıdığı missiya ətrafında geniş müzakirə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB