Bakı kəndlərində yaşayanlara elektrik qatarları ilə bağlı xəbər AÇIQLAMA

Bakı kəndlərində yaşayanlara elektrik qatarları ilə bağlı xəbər AÇIQLAMA

Artıq bir neçə dəfədir ki, qaynar xəttimizə müraciət edən Bakı sakinləri öncələr əksər Bakı qəsəbələrindən (kəndlərinə) keçən elektrik qatarlarının aqibəti barədə məlumat almaq istəyirlər. Bunu nəzərə alaraq, Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxladıq. Mətbuat katibi SİA-ya açıqlamasında oxucularımızın maraqlandıqları istiqamətdə dəmir yollarının artıq olmadığını qeyd etdi: "Bakının qəsəbələrinə işləyən elektrik qatarları öncələr dairəvi hərəkət edirdi. Sonradan Qala-Mərdəkan-Bağlar hissəsində avtomobil yolları salındığına görə, orada olan dəmir yolları söküldü, qatarlar Zabrat və Dübəndiyə qədər işləməyə başladılar. Bundan sonra dairəvi hərəkət mümkün olmadı, qatarlar birbaşa hərəkət etdilər. Bundan əlavə, elektrik qatarları Hövsana və Sumqayıta qədər də irəliləyirlər".

N. Əzməmmədov Qala-Mərdəkan-Bağlar hissəsinə yeni dəmir yollarının salınmasının gündəmdə olmadığını qeyd etdi: "Qala-Mərdəkan-Bağlar hissəsinə yeni dəmir yollarının salınması gündəmdə deyil. Əgər dövlət tərəfindən belə bir qərar qəbul edilsə, təbii ki, həmin hissəyə yenidən xətlər çəkiləcək".

Mətbuat katibi hazırda Zabrat və Dübəndi istiqamətində işləyən elektrik qatarlarının arasında olan intervalın da çox olmasının səbəblərini açıqladı: "Hazırda elektrik qatarlarının işlədiyi Bakı qəsəbələrində sərnişin sıxlığı çox olmadığına görə, xəttə gündəlik az qatar buraxılır. Onlar arasında interval isə 2-3 saatdan çoxdur. Əgər sərnişin sıxlığı çoxalsa, biz xəttə daha çox qatar buraxarıq. O elektrik qatarlarında camaat bağlara ağac və yeşiklər aparır. Yəni, qatarlar boş gedib-gəlirlər. Gediş haqqı isə 20 qəpikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə