Ombudsman Çexiyanın Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Çexiyanın Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Çexiyanın Azərbaycandakı səfirini qəbul edib. Apartın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Çexiya Respublikasının Azərbaycana yeni təyin edilmiş səfiri cənab Vitezslav Pivonkanı onun xahişi ilə qəbul edib. Görüşdə Ombudsman təsisatı ilə Çexiya Respublikası arasında insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyətin prioritet məsələləri barəsində fikir mübadiləsi aparılıb.

E.Süleymanova ilk öncə V. Pivonkanı yeni səfir seçilməsi münasibətilə təbrik edib, qonağa Ombudsmanın mandatı, ona verilən səlahiyyətlər barəsində geniş məlumat verib, həmçinin Müvəkkilin fəaliyyətində insan hüquqları üzrə maarifləndirmə işinin geniş yer tutduğunu, əhalinin müxtəlif qruplarının hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verildiyini, müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən BMT, Avropa Şurası, Avropa Birliyi ilə səmərəli əməkdaşlıq qurulduğunu, həmin əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələrində fəal iştirak etdiyini, ölkə Prezidentinin 2011-ci il tarixli Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının monitorinqi və implementatsiyası üzrə ölkənin bütün regionlarında ictimai dinləmələr keçirdiyini və digər tədbirlərin keçirildiyini vurğulayıb.

Tədbirdə habelə Müvəkkil və onun Milli Preventiv Qrupu mütəmadi olaraq, azadlıqdan məhrumetmə yerlərinə başçəkmələr həyata keçirdiyi, həmin monitorinqlərin nəticələrinin işgəncələr əleyhinə MPM fəaliyyətinə dair hesabatlarda öz əksini tapdığı qeyd olunub.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiyasının 35 illik və Pekin Platformasının 20 illik ildönümülərini nəzərə alaraq, E. Süleymanova təsisat tərəfindən hər il Ombudsmanların Bakı Beynəlxalq Konfranslarının keçirildiyini, qarşıdakı XII konfransın mövzusunun məhz gender bərabərliyi və qadın hüquqlarına həsr ediləcəyini qonağın diqqətinə çatdırıb.

Müvəkkil təsisatda hazırlanan hüquqi nəşrlər barədə də səfirə geniş məlumat verərək və bu vəsaitlərin insanların hüquqi baxımdan maarifləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini önə çəkib, bu ənənənin davam etməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda qonaq Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, Ombudsman təsisatı ilə gələcəkdə də əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, Müvəkkilə səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkür edib. E. Süleymanova qonağa təsisatda hazırlanan İngiliscə-Rusca-Azərbaycanca, Azərbaycanca-Rusca-İngiliscə hüquq lüğətlərinin və MFP-nin bir nüsxəsini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə