AHİK gənclərin məşğulluq siyasətini müzakirə edir

AHİK gənclərin məşğulluq siyasətini müzakirə edir

Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə "Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Sergeyus Qlovaskas və digər rəsmi şəxslər iştirak edib.

İlk olaraq çıxış edən AHİK-in sədri S. Mehbalıyev bildirib ki, gənclər müasir cəmiyyətin ən fəal və mühüm hissəsini təşkil edən dinamik qüvvədir: "Gənclərin məşğulluğunun təmin edilməsi müxtəlif ölkə və təşkilatların siyasətlərinin üstün istiqamətlərindən biridir. Dünyada gedən maliyyə böhranı gənclər üçün layiqli əmək uğrunda mübarizədə ciddi maneələr yaradıb. Böhranın meydana çıxardığı əsas problem odur ki, bu gün gənclər arasında işsizlik orta yaşlılar arasında işsizlikdən 3 dəfə çoxdur. Müasir şəraitdə gənclərin rastlaşdığı problemlər özünün müxtəlifliyi ilə seçilir. Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq imkanını itirən gənclər daha az müdafiə olunur və adətən, natamam iş vaxtı və qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı, müvəqqəti iş yerlərində çalışırlar. Gənclər təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə üzləşirlər. Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən gənclər arasında iş tapmaq ümidini itirənlərin və ali təhsilli işsiz gənclərin sayının artması tendensiyası hamımızda narahatlıq doğurur".

O həmçinin qeyd edib ki, bu gün dünyada hər beş nəfərdən biri 14-25 yaş arasında olan gənclərdir: "Ümumiyyətlə, dünyada 1,2 milyard gənc var ki, onların da 43 faizi faydalı əməklə məşğuldurlar. Azərbaycanda 15-29 yaşlı gənclər respublika əhalisinin 29,3 faizini, işləyənlərin isə 24,4 faizini təşkil edirlər. Respublikada gənclər arasında işsizlik 10,9 faizdir. 130 min işsiz gəncin 13,9 faizi ali təhsilli, 54,6 faizi isə orta təhsilli gənclərdir. Gənclərin potensialından məhsuldar istifadə üsulları tapılmasa nə onların, nə də bütövlükdə ölkənin parlaq gələcəyi olmayacaq".

Azərbaycanın Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulduğunu deyən sədr əlavə edib ki, bu təşəbbüs BƏT- in texniki yardımı ilə BMT tərəfindən dəstəklənib: "Gənclərin layiqli və məhsuldar əməyinə yönəlmiş tədbirlər çərçivəsində gənclərin xaricdə təhsili üzrə dövlət proqramı xəttilə 2008- ci ildən indiyədək 5 mindən çox tələbə dünyanın müxtəlif ölkələrində təhsil alır. AHİK, sosial partnyorlardan biri kimi, bu istiqamətdə aparılan tədbirlərdən kənarda qalmır və gənclərin məşğulluğuna dəstək siyasəti və proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi prosesində fəal iştirak edir".

BƏT-in nümayəndəsi Sergeyus Qlovaskas isə çıxışında gənclər arasında işsizliyin aradan qaldırılmasının vacibliyinin qeyd edərək, bu istiqamətdə Həmkarlar İttifaqlarının əməkdaşlığının önəmini vurğulayıb. Onun sözlərinə görə, əhalinin, o cümlədən gənclərin məşğulluq strateqiyasının işlənilməsində, müxtəlif orqanlar tərəfindən gənclərin məşğulluğuna dair müayinələrin, sorğuların keçirilməsində Beynəlxalq Əmək Təşkilatının texniki yardımı və tövsiyələrinin böyük köməyi olub.

Məlumat üçün bildirək ki, seminar mövzu ətrafında müzakirələrlə davam edir.

Qeyd edək ki, seminar iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə