MŞ-nin sədr müavini: "Azərbaycan mediası üçün lazım olan bütün addımlar atılır"

MŞ-nin sədr müavini: "Azərbaycan mediası üçün lazım olan bütün addımlar atılır"

"Başqa ölkələrlə Azərbaycanı müqayisə etsək, son illər media sahəsində bəlkə də 100 ildə həyata keçirilməyən işlərin görüldüyünün şahidi olarıq. Son bir neçə il ərzində Azərbaycan mediası üçün lazım olan bütün addımlar atılır və ölkə mediası kifayət qədər inkişaf dövrünü yaşayır". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Beynəlxalq Mətbuat Günü ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, həm peşəkarlığın artırılması, həm sosial-iqtisadi problemlərin aradan qaldırılması, həm də qanunvericiliyin təkmilləşdirilməsi baxımından Azərbaycan mediası özünün ən yüksək dövrünü yaşayır: "Bunu ölkədə aparılan islahatlardan və həyata keçirilən tədbirlərdə müşahidə etmək olar. İnkişafın beynəlxalq səviyyədə görünməməsinin isə iki mühüm səbəbini qeyd etmək lazımdır. Birincisi ondan ibarətdir ki, bir sıra beynəlxalq təşkilatlar var ki, onlar elan olunmuş missiyalardan yox, maraqlarını güddükləri siyasi qrupların mənafeyindən çıxış edirlər. İkincisi isə Azərbaycanın özündə həmin beynəlxalq təşkilatlarla işləyən yerli qurumların özündə müəyyən problemlər var".

"O təşkilatlarda ki, Azərbaycan üzrə yerli təmsilçilərin peşəkar jurnalistlərdən, eyni zamanda milli vətənpərvər şəxslər formalaşıb, o zaman təşkilatların hesabatında Azərbaycandakı mövcud media durumu real şəkildə əks olunur. Söhbət tək media durumunun təriflənməsindən getmir. Həmin hesabatlarda inkişafla yanaşı problemlər də göstərilir. Qeyri-peşəkar yerli təşkilatların nümayəndələrinin isə Azərbaycanla bağlı mövqeyində bir sıra problemlər özünü büruzə verir. Hesab edirəm ki, Azərbaycana qarşı qərəzli münasibət göstərən təşkilatların fəaliyyətindəki neqativ halları tənqid etmək və onları doğru yola çəkməklə yanaşı, onlarla əməkdaşlıq edən yerli təşkilatlarda da keyfiyyət dəyişikliklərinin əmələ gəlməsi istiqamətində ciddi işlər görülməlidir. Çalışmalıyıq ki, Azərbaycanın özündə beynəlxalq təşkilatlarla işləyən yerli qurumlar formalaşsın ki, onlar peşə fəaliyyəti ilə yanaşı Azərbaycan dövlətçiliyinə bağlı şəxslər olsun. Bununla da onlar qərəzli və yalançı informasiyalar yox, obyektiv reallığa uyğun informasiyalar versinlər" - deyə, sədr müavini məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə