Qayğıya ehtiyacı olan uşaqların problemləri müzakirə olunub

Qayğıya ehtiyacı olan uşaqların problemləri müzakirə olunub

Azərbaycan Müəllimlər İnstitutunda bu ali məktəbin, "World Vision International" Beynəlxalq Humanitar Təşkilatı və "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları" mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Həmin konfransda Ombudsman Aparatının əməkdaşları iştirak etmiş və Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə "Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzrə görülməli işlər" adlı plenar sessiyaya rəhbərlik edib.

Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiyada mövzu üzrə məruzələr dinlənilib və xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri, onların təhsili sahəsində vəziyyət, mövcud stereotiplər və çətinliklər müzakirə olunub.

R.Rumzadə sessiyada çıxış edərək, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən siyasət, Müvəkkilin əlilliyi olan insanların hüquqlarının təmini və müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu qəbildən olan insanların maarifləndirilməsi, cəmiyyətə inteqrasiyasına mane olan problemlərin aradan qaldırılması, onların təsisata ünvanlamış müraciətlərinin həlli istiqamətindəki fəaliyyəti və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

O, Müvəkkilin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylərin gücləndirilməsi, aidiyyəti dövlət orqanları və əlil təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun imkanlarının cəlb edilməsi, əlilliyi olan insanların fiziki, sosial, psixoloji, mənəvi reabilitasiyası və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün ixtisaslaşmış mərkəzlərin yaradılması, sosial işçilərin, psixoloqların və bu sahədə çalışan personalın hazırlanması, dövlət qurumlarının əməkdaşları üçün treninq-seminarların keçirilməsi, günərzi qayğı mərkəzlərinin yaradılması, ictimaiyyət arasında davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi, televiziya proqramlarının təşkili və digər təkliflərini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə iştirakçılar bu sahədə vəziyyətin daha da təkmilləşdirilməsi məqsədilə əlilliyi olan uşaqlarla işləyən şəxslər üçün metodiki vəsaitlərin hazırlanmasını, təlim kurslarının təşkil edilməsini, maliyyə vəsaiti ayrılmasını, təhsil müəssisələrinin və bu müəssisələrə qədər infrastrukturun müyəssərliyinin təmin olunmasını, valideynlərlə işin gücləndirilməsini, kadr çatışmazlığının aradan qaldırılması istiqamətində tədbirlərin görülməsini təklif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə