Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonu qəbul edib. Görüşdə Ombudsman təsisatı ilə BMT QAK arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.
Ombudsman öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət yetirilən prioritet məsələlərdən olduğunu vurğulayıb.
D. Siqurdson Ombudsman təsisatı ilə əməkdaşlığı yüksək qiymətləndirib, qaçqın və məcburi köçkünlərə, o cümlədən qadınlara, ahıllara və uşaqlara ünvanlanan birgə treninqlərin keçirilməsinin, ödənişsiz hüquqi yardım göstərilməsinin vacibliyini qeyd edib.
Müvəkkil qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində müvafiq sahədə təsisat tərəfindən görülən işlər haqqında danışıb, miqrantların, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə Ombudsmanın xüsusi müşavirinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar təkliflər hazırlandığını və müvafiq orqanlara göndərildiyini söyləyib.
Görüşdə E. Süleymanova BMT-nin qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyanın, habelə Uşaq hüquqları üzrə Konvensiyasının qəbul edilməsinin il dönümlərini nəzər alaraq, XII Bakı Beynəlxalq Ombudsmanlar Konfransının mövzusunun məhz qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərinə həsr olunduğunu, həmçinin son dövrdə insan hüquqlarının daha səmərəli təmini baxımından hazırlanıb qanunvericilik sənədlərindən olan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsinin Milli Məclisin iclaslarında müzakirə olunduğunu bildirib.
Ombudsman qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına dönməsi, repatriasiya problemini, onların hüquqi müdafiəsinin zəruriliyini diqqətə çatdırıb. O, bildirib ki, məskunlaşdığı qəsəbələrdə məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə kompleksləri və reabilitasiya mərkəzləri yaradılmalı, məktəblər tədris vəsaitləri ilə təchiz olunmalı, yerlərdə bu problemin həlli istiqamətində mühüm tədbirlər görülməlidir.
E.Süleymanova yeni qəsəbələrdə maarifləndirmə məqsədilə birgə treninqlərin keçirilməsi, qaçqınlar və məcburi köçkünlərə texniki vərdişlərin, kompüter bilgilərinin aşılanması, aydın və anlaşıqlı dildə hüquqi nəşrlərin, tədris modullarının hazırlanması, metodik vəsaitlər, dərsliklər, o cümlədən broşürlar, lifletlər və posterlər hazırlanması, resurs və insan hüquqları mərkəzlərinin yaradılması və digər təklifləri irəli sürüb.
Qonaq Ombudsmana faydalı fikir mübadiləsi, səmərəli təkliflər üçün minnətdarlığını bildirib, qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümid bəslədiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB