Akif Əlizadə: "Yaxın vaxtlarda Milli Məclis qarşısında vəsatət qaldıracağıq" FOTOLAR
Bu gün AMEA-nın əsas binasında AMEA Botanika İnstitutu, Fribourg Təbiət Tarix Muzeyi (İsveçrə), Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI, Birləşmiş Krallıq) və NG Tornay Dizayn Kompaniyasının (İsveçrə) təşkilatçılığı ilə "Azərbaycanın yaşıl xəzinəsi" mövzusunda sərginin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə AMEA-nın prezidenti akademik Akif Əlizadə, İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri cənab Pascal Aebischer, Botanika İnstitutunun direktoru professor Validə Əli-zadə və Fribourg Təbiət Tarix Muzeyinin botanika kolleksiyasının rəhbəri professor Gregor Kozlovski, 6 ölkənin (İsveçrə, Böyük Britaniya, İtaliya, Yunanıstan, Gürcüstan, Çin) 15-ə qədər nümayəndə heyəti və Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı Avropa dövlətlərinin səfirlik nümayəndələri, media mənsubları və başqaları iştirak ediblər.
Sərgidə Azərbaycanın Hirkan meşələrinin əsas on klassik relikt ağac növünün yayılma əraziləri haqqında məlumat zənginliyi ilə yanaşı, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi də nümayiş etdirilib.
AMEA-nın prezidenti akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında "Elm haqqında" qanun layihəsinin hazırlanması istiqamətində çox böyük işlər görüldüyünü və layihənin ilkin variantı ilə tanış olduğunu diqqətə çatdırıb: "Bu qanunda kifayət qədər yeniliklər vardır. Orada çoxlu mübahisəli bəndlər və fikirlər mövcuddur. Elə buna görədir ki, bu məsələ uzanmaqdadır. Ancaq hesab edirəm ki, biz yenə də layihənin qəbulunu bir qədər sürətləndirməliyik. Çünki Azərbaycan elmi və Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqatların hamısı hələlik hüquqi əsası olmayan sahədə çalışırlar. Onun üçün də hüquqi əsası olmayan məsələlər bəzi vaxt görürsən ki, yekun və yaxud koordinasiya etibarı ilə çətinliklər yaradır. Buna görə də biz yaxın vaxtlarda Milli Məclis qarşısında vəsatət qaldıracağıq. Güman edirəm ki, onlar da bizə yardım edəcəklər. Onu da deyim ki, layihədə müxtəlif mübahisəli məqamların yaşanmasına səbəb orada hüquqi, maliyyə, təşkilati baxımından problemlərin olmasıdır. Bunların hamısı bir-bir öyrənilərək işlənilməlidir".
İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri cənab Pascal Aebischer tədbirdə çıxış edərək Azərbaycanda olmadan məmnun olduğunu bildirib: "Burada olmaqdan və çıxış etməkdən şərəf duyuram. İsveçrədə meşələrin mühafizəsi qədim tarixə malikdir. İşveçrədə meşələrlə bağlı qanun 1876-cı ilə qəbul edilib. Meşələr bəşəriyyət üçün önəm kəsb edir. Bu sərginin də təşkili vacib işlərdən biridir. Meşələr həmçinin fəlakətlərin də qarşısının alınmasında əhəmiyyətlidir. Sevinirəm ki, Azərbaycan Respublikası da meşələrin qorunması, mühafizəsi işində vacib addımlar atır".
AMEA Botanika İnstitutunun direktoru professor Validə Əli-zadə və Fribourg Təbiət Tarix Muzeyinin botanika kolleksiyasının rəhbəri professor Gregor Kozlovski salamlayaraq sərginin AMEA Botanika İnstitutu və Fribourg Təbiət Tarix Muzeyinin müştərək layihəsi çərçivəsində həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, ikitərəfli müqavilə üzrə sərgi üçün İsverçrədən Azərbaycana gətirilmiş bütün avadanlıq və ləvazimatlar AMEA Botanika İnstitutuna hədiyyə edilib və bir il müddətində İnstitutda yeni yaradılan Botanika Muzeyində nümayiş etdiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB