DSMF-də yeni elektron xidmətlərin təqdimatı keçirilib

DSMF-də yeni elektron xidmətlərin təqdimatı keçirilib

Dövlət Sosial Müdafiə Fondunda yeni elektron xidmətlərin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə fondun şöbə müdiri Məmməd Nuriyev, qurumun əməkdaşları və jurnalistlər iştirak ediblər.

Şöbə müdiri bildirib ki, dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da İKT republikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

O qeyd edib ki, ölkədə "elektron hökumət"in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir: "Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır".

M. Nuriyev qeyd edib ki, DSMF -nin elektron xidmətlərindən biri də bu gün təqdimatı keçirilən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Onun sözlərinə görə, bu xidmət aşağıdakı 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: 1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 2. hamiləliyə və doğuma görə müavinət; 3. uşağın anadan olmasına görə müavinət; 4. uşağa qulluğa görə müavinət; 5. dəfn üçün müavinət.

"Müavinətlərə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb" - deyən şöbə müdiri, yeni proqram təminatının əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin etdiyini vurğulayıb: "Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib. Qeyd edim ki, 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən yuxarı şəxsə müavinət ödənilib. Belə böyük sayda kontingentə 5 müavinət növü üzrə xidmətin avtomatlaşdırılması şəffaflığı daha da artıracaq".

Sonda DSMF-nin sektor müdiri Rüfət Oruclu yeni elektron xidmətləri videoslayd vasitəsi ilə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə