DİQQƏT! Seriallar həyat tərzimizi dəyişir! ARAŞDIRMA

DİQQƏT! Seriallar həyat tərzimizi dəyişir! ARAŞDIRMA

Məlumdur ki, dövrümüzdə televiziyada verilişlər, filmlərlə yanaşı, serialların yayımına da böyük yer ayrılır. Yerli və xarici serialların yeniyetmələrin, gənclərin psixoloji durumuna, həyat tərzinə təsiri ilə bağlı müxtəlif fikirlər var.

"Xarici seriallar Azərbaycan mənəviyyatını dağıtmağa yönəlmiş proqramdır"

Mövzuya aydınlıq gətirmək üçün bu işin peşəkarları ilə əlaqə saxladıq. İctimai Televiziyanın "Carçı film" yaradıcılıq birliyinin dublyaj rejissoru Vaqif Cabbarlı xarici serialları sərt tənqid etdi: "Xarici seriallar Azərbaycan mənəviyyatını dağıtmağa yönəlmiş proqramdır. Gənc nəslimiz belə seriallara baxanda, öz həyatını o yöndə qurmaq istəyir. Burada Azərbaycanın mənəvi dəyərlərini əks etdirən heç nə yoxdur". Məsələn, Braziliyada çəkilmiş serialın təsir dairəsini özləri yaxşı bilirlər. Onlar başa düşürlər ki, bu serial üçüncü dövlətlərə necə təsir edəcək. Çəkilmiş serial əvvəl hansısa ölkəyə gəlir, sonra distrübüter kimi başqasına satılır. Onlar bu serialların vurduğu hədəfin nədən ibarət olduğunu bilirlər. Yerli kinorejissorların, ssneraristlərin çəkdiyi seriallarda Azərbaycan cəmiyyətinə xas olan dəyərlər qorunur".

"İki sevgilinin daha yaxın olduğunu göstərmək üçün onları soyundurub çəkməyə ehtiyac yoxdur"

"Səndən sonra" serialının quruluşçu rejissoru Elmir Süleymanov isə yerli serillarda reytinq xatirinə lazımsız səhnələrə yer verildiyini qeyd etdi: "Azərbaycan rejissorları və ssenaristləri daha çox melodramaya üstünlük verirlər. Amma hər bir melodramanın içində də özünəməxsus ibrətamiz mövzu olmalıdır. Seriallarda Azərbaycan dəyərlərini qoruyan mövzulara müraciət etmək lazımdır ki, gənc nəsil ondan ibrət götürə bilsin. Mövzularda hər tamaşaçı özünü görə bilməlidir. İndi çəkilən seriallarda isə reytinq xatirinə daha çox açıq-saçıqlığa fikir verirlər. Amma bu, birbaşa Azərbaycanın yeniyetmə və gənclərinin tərbiyəsinə təsir edir. Şəxsən mən gələcəkdə çəkdiyim filmlərdə də belə səhnələr olsa, imtina edəcəyəm. İki sevgilinin daha yaxın olduğunu göstərmək üçün onları soyundurub çəkməyə ehtiyac yoxdur. Həmin səhnələri daha etik və effektli çəkmək olar. Azərbaycanda bu sahədə ən böyük problem reytinqdir. Sənət qalıb bir tərəfdə, hamı reytinqi fikirləşilir".

Rejissorların kütlənin baxmaq istədiyi mövzuları seçdiklərini qeyd edən E. Süleymanov kanallar üçün də reytinqli serillların önəmli olduğunu dedi: "Məsələn, əgər bir serialda iki qardaş bir qızı və ya iki bacı bir oğlanı sevirsə, buna baxmağı insanlar istəyir. Rejissor birbaşa kütlənin nəyə baxa biləcəyini hesablayır, insanları nə ilə ağlada biləcəyini fikirləşir. Çünki bunlar reytinq qazandırırlar. Burada isə tərbiyəvi əhəmiyyət fikirləşilmir. Bunun səbəbi kanalların reytinq tələb etməsidir. Məsələn, kasıb ailə üzərində qurulmuş bir seriala hansı kanal pul ayıracaq? Hansı şirkət onun reklamına pul qoyacaq? Ancaq hansısa açıq səhnənin çirkin PR-nı edib, reytinq qazananda, kanala avtomatik sponsor gəlir. Kanallar bu məqamlara nəzarət etməli, tərbiyəsiz mövzu ilə reytinq qazanan serial qəbul etməməlidir".

"Orada müasirlikdən yox, tərbiyəsizlikdən söhbət gedir"

Psixoloq Təhminə Çələbi isə uşaq, yeniyetmə və gənclərin bu serialların təsirinə düşməməsi üçün valideynlərin də məsuliyyət daşıdıqlarını vurğuladı: "Təbii ki, seriallar və digər televiziya verilişləri uşaqların, yeniyetmələrin və gənclərin psixologiyasına təsir edir. Burada valideynlərin üzərinə də məsuliyyət düşür. Televizyada öncələr rus, sonra Argentina, Braziliya, indi Türkiyə və Azərbaycan serialları yayımlanır. Valideynlər uşaqlar sakit olsunlar deyə, onları televizorun qarşısında oturdub, özləri mətbəxtdə işləməyə başlayırlar. Bu seriallar uşaqlıqdan insanların beynində müxtəlif Azərbaycan dəyərlərinə zidd olan fikirlər yaradırlar və uşaqlar bu fikirlərlə böyüməyə başlayırlar. Yeniyetmələrin həyat fəlsəfəsinin formalaşdığı vaxtda belə seriallar onlarda lazımsız fikirlər yaradır. Heç evdar qadınlara da o seriallara baxmaq məsləhət deyil. Onlar bunun əvəzinə, övladları ilə tərbiyəvi əhəmiyyətli söhbətlərə yer ayırmalıdırlar ki, yeniyetmələr mənfiləri deyil, müsbətləri həyat tərzi kimi seçsinlər. Çünki həmin dövrü yaşayan uşaq və yeniyetmələr daha çox müsbət tərəfləri yox, mənfi tərəfləri mənimsəyirlər".

Avropalıların həyat tərzlərinə görə öz seriallarına baxanda, baş verənləri normal qarşıladıqlarını qeyd edən psixoloq, Azərbaycanda yeniyetmələrin bizdə olmayanları, ayıb, qeyri-adi sayılanları götürüb, adını müasirlik qoyduqlarını bildirdi: "Halbuki, orada müasirlikdən yox, tərbiyəsizlikdən söhbət gedir".

"Olan reputasiyamızı, hörmətimizi, olmayan xarab ssenarilərlə, yumorlarla korlamaq istəmirik"

Xalq artisti Arif Quliyev isə cəmiyyətin təfəkküründə nəyəsə kömək etmədiyi halda serialın çəkilişinin lüzumsuz olduğunu dedi: "Ssenari yazmaq özü bir sənətdir və istedad tələb edir. Ssenaridə insanları maraqlandıran bir-birini əvəz edən hadisələr olmalıdır ki, dəqiq, maraqlı və yaddaqalan olsun. Bizim üçün də yumorlar yazırdılar və səhnələrdə görünürdük, indi yazmırlar görünmürük. Olan reputasiyamızı, hörmətimizi, olmayan xarab ssenarilərlə, yumorlarla korlamaq istəmirik. Yeknəsəklik, dar düşüncə olmamalıdır. Ssenaridə geniş təfəkkür və ictimai fikirlər olmalıdır. Əgər bir serialda nə isə həll olunmursa, nəyəsə kömək etmirsə onun çəkilməsi lüzumsuzdur".

Xalq artisti Azərbaycan seriallarında gənclərin daha üstünlük təşkil etməsinə də münasibət bildirib: "Seriallarda indi gənclər iştirak edir. Biz birdən peşəkar olmamışıq ki! Onlar da çəkilə-çəkilə peşəkarlaşacaqlar. Peşəkar sənətkarları dəvət etmək rejissorun özündən asılıdır. Gənclər görsünlər ki, sənəti bilən, hiss edən, duyan, öz varlığı qədər sevən və yüksək tutan insanlar da onlarla çiyin-çiyinə işləyirlər. Onda onların həvəsi daha yaxşı olar və çəkilən kinonun da yüksək keyfiyyətli olmasını təmin edər.

Mən bircə "Qaynana" serialında 3 seriyada çəkilmişəm. Orada mərhum sənətkarımız Yaşar Nuri də çəkilmişdi. Sonradan bizə müraciət olunmadı. Mən özüm isə təcrübəli, dünya görüşü olan bir aktyorla çəkilmək istəyirəm".

"Ssenarilərin milli dəyərlərimizə, mənəviyyatımıza aidiyyatı yoxdur, əksinə ziyanı var"

"Səs" TV-nin baş redaktoru Cabir Məmmədov Azərbaycan seriallarında peşəkarlığın istənilən səviyyədə olmadığını qeyd etdi: "Seriallara təkcə tamaşaçı gözü ilə yox, həm də bir peşəkar kimi baxıram. Azərbaycan seriallarında peşəkarlıqdan söhbət gedə bilməz. Ssenarilərin milli dəyərlərimizə, mənəviyyatımıza aidiyyatı yoxdur, əksinə ziyanı var. Xaricdən gələn qonaq və ya xaricdə bizim seriallara baxanlarda elə təəssürat yaranar ki, sanki Azərbaycanda kriminal vəziyyət hökm sürür. Bu mövzuların gənc nəslə hansı psixoloji təsir etdiyini düşünmək çətin deyil. İş orasındadır ki, bu seriallar reytinq də yığa bilmirlər. Çünki insanlar peyk antenaları vasitəsilə dünyanın istənilən ölkəsinin seriallarına baxa bilirlər".

Baş redaktor Türkiyə təcrübəsini önə çəkərək Azərbaycanda da zaman keçdikcə bu sahədə peşəkarlığın artacağını dedi: "Türkiyə serialları kifayət qədər nüfuz qazanıblar. Məsələn, ərəb ölkələrində, Yunanıstanda, hətta Rusiyada Türkiyə seriallarına rəğbət və təlabat var. Burada elə seriallar var ki, mövzu yalnız vətənpərvərlik, qəhrəmanlıq olur. Ancaq onlar kifayət qədər reytinq yığırlar. Türkiyənin uğur qazanan seriallarının əkəsriyyəti onların "klassiklər" adlandırdıqları sənətkarların əsərləri əsasında çəkilir. Onlarda serialların çəkilişində iştirak edənlər və avadanlıqlar peşəkardır. Türkiyədə də 15-20 il öncə çəkilən seriallar bərbad vəziyyətdə idi. Sonradan peşəkarlaşdılar. Sevindirici haldır ki, Azərbaycanda da bu iş başlayıb. Zaman keçdikcə, bu sahədə peşəkarlıq yüksək səviyyəyə qalxacaq. Əsas odur ki, işə başlanılıb".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə