"Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir"
Bu gün Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl qonaqlar və iştirakçılar teatrın foyesində İstiqlal muzeyi tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, hazırda möhtəşəm tarixi hadisənin - Azərbaycanın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin 91 illiyinin astanasındayıq: "Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, həyatını Azərbaycana, bütün mənalı ömrünü yalnız insanlığa xidmət etməyə həsr etmişdir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk prosesinin yaradıcısı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, qeyd etdiyimiz bütün sözlər onun böyük fəaliyyətini əhatə etməkdə acizdir".
A.Əsgərov Azərbaycan tarixinin Heydər Əliyev dövrünün təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini bildirərək qeyd edib ki, bu, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəlir: "Ümumilli Lider Heydər Əliyev Azərbaycanın yeni tarixini yaratmışdır. Ulu Öndər Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox, qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Dahi Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ulu Öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Ulu Öndər Heydər Əliyev həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, onun güc və qüdrət mənbəyinə çevrilib. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz arzu və istəklərinin təcəssümünü görüb. İndi isə Ulu Öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur".
Natiq onu da vurğulayıb ki, XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın sevgisini qazanmışdır. Ulu Öndərin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin çağdaş tariximizdə yerini və rolunu daha dərindən başa düşmək, həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etmək, qiymətləndirmək imkanı vermişdir. Ötən əsrin 70-80-ci illərində dahi şəxsiyyət Heydər Əliyev respublikanın mövcud resurslarını səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və nəticədə buna nail olmuşdur. Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından, geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Ümummilli Liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin ən mühüm strateci əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunur, bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılırdı.
"Dahi Şəxsiyyət Heydər Əliyev böyük bir dövrdür", - deyən A.Əsgərov onu da vurğulayıb ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək: "Bu inam Dahi Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir. Ölkəmizin yeni mərhələdə dinamik inkişafı, dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Ulu Öndər Heydər Əliyev ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır".
Sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri Qara Qarayevin əsərlərini ifa etmiş, orkestrin müşayəti ilə əməkdar artist Aygün Bəylər, əməkdar artistlər Nərgiz İsmayılova və Anar Şuşalı, İtaliyadan gəlmiş musiqi qrupu, İlahə Əfəndiyeva, tarzən Səbuhi Səfərov, Ramil Qasımov xalq artistləri Murad Hüseynov, Azər Zeynalov, Alim Qasımov və Brilyant Dadaşovanın ifaları mərasimi daha rəngarəng etdi.
Sonda konsert iştirakçılarının birgə ifasında Ulu Öndərə həsr olunmuş "Sən elə bir zirvəsən" mahnısı səsləndi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB