"Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük qiymət verib"

YAP Şabran rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib
"Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük qiymət verib"

Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı qadınlar şurasının növbəti konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda çıxış edən rayon təşkilatının sədr müavini Füzuli Hüseynov Yeni Azərbaycan Partiyasında qadınların rolu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi böyük qiymətdən söz açıb: "Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçiblər. Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır: "O deyirdi ki, "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət, həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr edirik". Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm".

Tədbirdə YAP Şabran rayon təşkilatı qadınlar şurasının sədri Minə Quliyeva hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, YAP Şabran rayon təşkilatının qadınlar şurası tez-tez ən müxtəlif forma və məzmunlu tədbirlər, dəyirmi masalar keçirməklə qadınların maariflənməsinə, cəmiyyətə öz sözünü daha qətiyyətlə söyləməsinə imkan verir: "Həmçinin, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir. ölkəmizdə keçirilən bütün seçkilərdə rayon təşkilatımızın qadınları fəallıq nümayiş etdiriblər. İnanırıq ki, qadınlarımız bu fəallıqlarını həmişə davam etdirəcəklər".

Məruzə ətrafında partiya üzvlərindən Şabran şəhər 3 saylı ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri Məlahət Ağayeva, rayon səhiyyə ərazi ilk partiya təşkilatının sədri Zenfira Həsənova, Şabran şəhər 2 saylı tam orta məktəb-liseyin ərazi ilk partiya təşkilatının sədri Gülşən Rzayeva və başqaları qadınların ölkənin ictimai-siyasi həyatında rolundan, eləcə də Şabran rayonunda qadınlara göstərilən diqqət və qayğıdan söz açıblar. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi yüksək dəyərdən məmnun olduqlarını söyləyiblər. Həmçinin, YAP Şabran rayon təşkilatının qadınlar şurasının hesabatını qənaətbəxş hesab edərək qadınlarımızın cəmiyyətdəki rolunu yüksək qiymətləndiriblər.

Sonra gündəlikdə duran təşkilati məsələyə baxılıb, yeni şura müəyyən olunub. Minə Quliyeva yenidən YAP Şabran rayon təşkilatının qadınlar şurasının sədri, həmçinin, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublika konfransına nümayəndə seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə