Ulu Öndər Heydər Əliyevin 91 illiyi Musiqili Teatrda qeyd edilib

Ulu Öndər Heydər Əliyevin 91 illiyi Musiqili Teatrda qeyd edilib

Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan təntənəli tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl qonaqlar və iştirakçılar teatrın foyesində İstiqlal Muzeyi tərəfindən təşkil olunan sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə çıxış edib.

O, çıxışı zamanı bildirib ki, hazırda möhtəşəm tarixi hadisənin- Azərbaycanın böyük oğlu, Ulu Öndərin 91 illiyinin astanasındayıq: "Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəlir. Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb. Onun tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə, mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır".

Ulu Öndər Heydər Əliyevin 34 ildən artıq dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynadığını deyən icra başçısı fikirlərinə əlavə edib ki, məhz buna görə xalqımız onun adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib: "Heydər Əliyev böyük bir dövrdür. Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir".

İcra başçısının çıxışından sonra tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri Qara Qarayevin əsərlərini ifa edib, eyni zamanda orkestrin müşayiəti ilə əməkdar artist Aygün Bəylər, İtaliyadan gələn musiqi qrupu, İlahə Əfəndiyeva və başqaları çıxış ediblər.

Qeyd edək ki, yubiley tədbirində Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələri, veteran və gənclər təşkilatı, din xadimləri və millət vəkilləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə