"Bu gün nikaha girənlərin 9-11 %-nin uşağı olmur. Bu da çox ciddi məsələdir. Mövcud problemi aradan qaldırmaq üçün "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulur". SİA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, 10 ildən çox uşağı olmayan ailələrə dövlət vəsaiti hesabına süni mayalanma əməliyyatı tətbiq olunacaq: "Qanunla nəzərdə tutulur ki, uzun müddət sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal (müasir bioloji metor) mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək. Buna görə də sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Məlumdur ki, sözügedən əməliyyat çox vəsait tələb edir. Bu səbəbdən də imkansız ailələr bu əməliyyatı etdirməkdə çətinlik çəkirlər. Ona görə də belə yenilik etməyi nəzərdə tuturuq. Bununla da övladı olmayan ailələrin faiz göstəricisini azalda bilərik".
Komitə sədri onu da qeyd edib ki, qanunda həm də qadınların aborta getməməsi kimi məsələlər də yer alıb: "Misal olaraq, ucqar ərazilərdə qadınlara elə dərmanlar verilməlidir ki, arzuolunmaz hamiləliyin qarşısı alınsın".
Süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirən H. Rəcəbli vurğulayıb ki, bununla bağlı hələlik bir nəticəyə gəlinməyib: "Dini nöqteyi nəzərdən qanunda süni mayalanmanın tətbiq olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin mövqeyi müsbət oldu. Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək. Təbii ki, bunun da səbəbləri var. Gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı qardaş nigahlarına səbəb ola bilər. Şeyx də qanunda bir nəfərin bir neçə dəfə donor olmasına etiraz etdiyindən biz də haqlı narazılıqları nəzərə alaraq qanunda bu kimi problemləri aradan qaldırmışıq".
Qeyd edək ki, hazırda qanunda bir şəxsin yalnız beş ailə üçün donor ola biləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB