Almaniyanın Azərbaycandakı səfiri Alman Dili Tədrisi Mərkəzinin yubileyində iştirak etdi

Almaniyanın Azərbaycandakı səfiri Alman Dili Tədrisi Mərkəzinin yubileyində iştirak etdi

Azərbaycanda fəaliyyət göstərən Alman Dili Tədrisi Mərkəzinin 5 illik yubileyi ilə əlaqədar sözügedən qurumda tədbir təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempel də iştirak edib. Səfir jurnalistlər üçün təşkil olunmuş brifinqdə media nümayəndələrinin suallarını cavablandırıb. O, tədbirdə iştirak etdiyinə görə şad olduğunu bildirib, mərkəzin əməkdaşlarını yubiley münasibəti ilə təbrik edib: "Çox məmnunam ki, bugünkü tədbir media nümayəndələrində böyük maraq doğurub. Alman Dili Tədrisi Mərkəzi dil kursları ilə yanaşı, həmçinin imtaham mərkəzidir. Buranın sertifikatları dünyanın hər yerində tanınır. Bu sertifikatlar Azərbaycan vətəndaşlarına Almaniyada yaşamaq və oxumaq hüququ verir. Bu mərkəz öz tələbələri üçün tədbirlər də təşkil edir. Tədbirlər həm burada, həm də Alman-Azərbaycan Mədəniyyət Birliyində ("Kapellhaus") keçirilir. Alman Dili Tədrisi Mərkəzi tələbələrinə həm də Almaniya mədəniyyəti və o ölkənin gündəlik həyatını tədris edir. Mərkəzin Höte İnsitutu şəbəkəsinə aid olduğuna görə böyük dəstəyi var. Höte İnsitutu Gürcüstan Höte İnsitutu ilə sıx əlaqədar işləyir və insitut bu il 20 illik yubileyini qeyd edir. Buradakı tələbələrin sayı hər gün artır və bu da buranın müəllimlərinin peşəkar olduqlarını göstərir. Əminəm ki, 5 ildən sonra bu mərkəzin 10 illiyinə yığışanda bundan da böyük bir mərkəzdə görüşəcəksiniz".

Daha sonra səfir mərkəzin otaqlarını gəzib.

Qeyd edək ki, Alman Dili Tədrisi Mərkəzi Azərbaycan Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı olaraq, 2009-cu ilin fevral ayından Bakıda alman dilinin tədrisi ilə məşğuldur. Bu mərkəz alman dilini öyrənənlərə alman dilini və mədəniyyətini yüksək səviyyədə öyrənməyə imkan verir.

Mərkəzin müəllimləri Almaniyada və daxili təkmilləşmə seminarlarında iştirak edirlər. Hazırda mərkəzdə Höte İnstitutunun imtahanlarını keçirtmək üçün sertifikatları olan üç ixtisaslaşmış şəxs fəaliyyət göstərir. İki gənc kurs rəhbəri Höte İnstitutunun Yaşıl Diplom adlı 3 illik təhsilini uğurla bitiriblər.

Mərkəzdə alman dilinin öyrədilməsində müasir kommunikativ metoddan istifadə edilir. İnnovativ proyektlərdən biri Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə keçirilən "Muzeydə Alman Dili" projektidir. Bu proyekt müasir xarici dil öyrədilməsində Azərbaycanda birinci dəfə tətbiq edilib.

Böyüklər və usaqlar üçün olan dil kursları ilə yanaşı Alman Dili Tədrisi Mərkəzində Höte İnstitutu tərəfindən 2010-cu ildən etibarən təşkil olunan mərkəzi sertifikat imtahanları da kerçirilir. Höte İnstitutunun sertifikatları bütün dünyada tanınır.

Bundan əlavə Alman Dili Tədrisi Mərkəzi TestDAF İmtahan Mərkəzinin lisenziyasına malikdir və TestDaF İmtahan Mərkəzi kimi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə