Serbiyanın İctimai kanalında Bakı ilə bağlı reportaj yayımlanıb

Serbiyanın İctimai kanalında Bakı ilə bağlı reportaj yayımlanıb

Serbiyanın İctimai Televiziya və Radio kanalında "Bakı - alovlar, küləklər və miniatür kitablar şəhəri" adlı reportaj yayımlanıb. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, reportajda paytaxtımızda yerləşən Miniatür Kitab Muzeyinin dünyada nadir muzeylərdən biri olduğu qeyd edilib.

Vurğulanıb ki, muzeydə dünyanın 73 ölkəsində nəşr olunan 6 minə yaxın kitab mövcuddur. Fəaliyyət göstərdiyi 12 il ərzində muzey yüz minlərlə ziyarətçinin marağına səbəb olub.

Bakının alovlar və küləklər şəhəri kimi tanındığını qeyd edən müəllif Azərbaycan paytaxtının qədim xalçaları və bu qeyri-adi kitab muzeyi ilə də məşhur olduğunu oxucuların diqqətinə çatdırır. Vurğulanır ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycanda son illər sürətli iqtisadi inkişaf müşahidə olunmaqdadır.

Reportajda Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovanın fikirlərinə də yer verilib. Onun sözlərinə görə, muzeydə XX əsrin əvvəllərində Belqradda nəşr olunmuş altı kitab da saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə